AzMİU-da Daun sindromlu uşaqlar üçün xeyriyyə yarmarkası keçirilib [20.04.2022]


    Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Daun sindromlu uşaqlar üçün “Göy qurşağı” adlı xeyriyyə yarmarkası keçirilib. “Yaxşı dostlar xromosom saymaz!” şüarı altında keçirilən aksiyanın əsas məqsədi diqqətdən kənarda qalan bu uşaqların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir. Yarmarkada Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin uşaqları da iştirak ediblər. 
     AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsi üzvlərinin təşəbbüsü ilə təşkil olunan satış-sərgidə Universitetin müəllim və əməkdaşları, tələbələri aktiv iştirak edib. Tələbələrin hazırladığı bir-birindən fərqli, kiçik ölçülü kompozisiyalar,  toxuculuq nümunələri, müxtəlif muncuq,  daş-qaşla işlənmiş qadın bəzək əşyaları, gil, balıqqulağı və şüşədən suvenirlər, rəsm əsərləri ziyarətçilərin marağına səbəb olub. Hər kəs daun sindromlu uşaqlara az da olsa, dəstək olmaq üçün alış-veriş edib, maddi yardım göstərib. 
    Yarmarkada nümayiş olunan əl işlərinə baxan AzMİU-nun rektoru,  professor Gülçöhrə  Məmmədova  tələbələrin təşəbbüsünü alqışlayıb, belə aksiyaların keçirilməsinin əhəmiyyətini vurğulayıb. Rektor Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin uşaqları ilə də tanış olub, onlarla söhbət edib. 
    Qeyd edək ki, yarmarkada sərgilənən məhsulların satışından əldə olunan vəsait Daun sindromlu uşaqların gündəlik ehtiyaclarının ödənilməsinə yönəldiriləcək.     

22-04-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]