ABB Bankda uğurlu karyera quran məzunumuz tələbələrə mühazirə oxuyub
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tikinti-iqtisad fakültəsində Marketinq ixtisası üzrə təhsil alan tələbələri üçün “Strateji marketinq” mövzusunda mühazirə saatı keçirilib. ABB Bank İnnovasiya Mərkəzinin PR və Marketinq bölməsinin Daxili və xarici əlaqələr üzrə meneceri Sevda Əlibəyova, İqtisadi nəzəriyyə və marketinq kafedrasının müəllimi İsa Muradovun iştirakı ilə keçirilən mühazirə tələbələr tərəfindən maraqla qarşılanıb. Mühazirə saatında Keyfiyyətə nəzarət mərkəzinin direktor müavini Könül Ağayeva, İqtisadi nəzəriyyə və marketinq kafedrasının müəllimləri də iştirak ediblər.
ABB-nin nümayəndəsi tələbələrə ABB İnnovasiya Mərkəzinin real təcrübəsi, aparılan araşdırma işləri, strateji marketinqin hazırlanması, tətbiqi və s. barədə ətraflı məlumat verib. Sevda Əlibəyova tələbələrə ABB İnnovasiya Mərkəzində təcrübə proqramından istifadə imkanlarını dəyərləndirməyi tövsiyə edib.
Kafedranın müəllimi İsa Muradov çıxışında təcrübəli, peşəkar mütəxəssislərin iştirakı ilə aparılan mühazirələrin tədrisə olan müsbət təsirindən danışıb. Mərkəzin direktor müavini Könül Ağayeva isə bu əməkdaşlığın daha da genişləndirilməsi və istehsal sahələri ilə tədrisin əlaqələndirilməsi məsələlərinin vacibliyinə toxunub.