10 aprel İnşaatçılar Günüdür
10 aprel “İnşaatçılar Günü”dür, ölkə iqtisadiyyatının inkişafında xüsusi xidmətləri olan zəhmətkeş insanların - inşaatçıların peşə bayramıdır. Bu gün münasibəti ilə çoxminli inşaatçı ordusunu, inşaatçı kadrların hazırlanmasında müstəsna xidmətləri olan həmkarlarımızı - universitetimizin professor-müəllim heyətini, gələcəyin inşaatçıları olan tələbələrimizi təbrik edir, təhsildə, tədrisdə və karyeralarında uğurlar arzulayırıq! Peşə bayramınız mübarək, əziz inşaatçılar!
Qurmaq, tikmək, yaratmaq eşqi, abadlıq işləri xalqımızın canında, qanında var. Bu eşq, bu həvəs heç vaxt bitməyib, tükənməyib, zaman-zaman cilalanaraq daha da mükəmməlləşib. İnşaat sahəsinin ölkə üçün əhəmiyyəti danılmazdır, ölkəmizin gündən - günə gözəlləşməsində çətin və məsuliyyətli, eyni zamanda şərəfli bir peşə olan inşaatçıların rolu böyükdür. Bu sahə Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biridir. Azərbaycan inşaatçıları bu gün də fədakar və zəhmətkeşdirlər, davamlı olaraq ölkəmiz üçün tikinti-quruculuq işləri həyata keçirir, qurub yaradırlar. Gözəlləşən paytaxtımız, siması dəyişən şəhər və kəndlərimiz bu peşə sahiblərinin hünəridir.
Bu gün isə bu sahədə bir ayrı canlanma, oyanış hiss olunur, inşaatçılarımızın işi, məsuliyyəti daha da artıb. Çünki biz İkinci Qarabağ müharibəsini Qələbə ilə başa vurduq, 44 gün davam edən döyüşlərdə Ali Baş Komandanımız İlham Əliyevin yenilməz qətiyyəti, müzəffər Ordumuzun qüdrəti və xalqımızın milli birliyi hesabına Azərbaycanın dövləti ərazi bütövlüyünü bərpa etdik. İşğaldan azad olan doğma torpaqlarımız, dağıdılmış yurd yerlərimiz bizim yolumuzu gözləyir, 2016-cı ilin Aprel qələbəsindən sonra Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə başlayan “Böyük Qayıdış” proqramını sona çatdırmaq inşaatçılarımızın üzərinə ağır yük qoyur.
Ümidvarıq ki, biz birlikdə bu çətin, amma şərəfli işin öhdəsindən də layiqli şəkildə gələcəyik, bu layihələrdə ürəklə, böyük həvəslə işləyəcək, o bölgələri yenidən quracaq, doğma Qarabağımızın əvvəlki şöhrətini bərpa edəcəyik. Möhtərəm prezidentimiz İlham Əliyevin siyasi iradəsi ilə işğaldan azad olunmuş şəhər və kəndlərimizdə həyat yenidən canlanacaq və bütün Qarabağ cənnətə çevriləcək.
Azərbaycan inşaatının və memarlığının şanlı ənənələrinin yaşadılmasında müstəsna xidmətləri olan Universitetimizin hazırladığı memar və inşaatçı kadrlar da bu böyük işlərdə öz töhfəsini verəcək, düşmən tapdağından azad olan şəhər, rayon və kəndlərimizin bərpası və yenidənqurmasında fəal iştirak edəcəklər.