AzMİU rəhbərliyi BIM texnologiyalarının universitetimizdə tətbiqi ilə əlaqədar Böyük Britaniyanın nüfuzlu şirkətlərinin nümayəndələri ilə görüş keçirib [04.04.2022]
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova Böyük Britaniyanın BIM sahəsində ixtisaslaşmış “GARLAND” və “Corporate Solutions” şirkətlərinin nümayəndələri ilə görüşüb. Görüşdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əməkdaşlıq və protokol departamentinin rəhbəri Eldar Salahov, departamentin əməkdaşı Samir Səfərli, Universitetin Memarlıq və İnşaat fakültəsinin dekanları, Dizayn Mərkəzinin rəhbəri və digər təmsilçilər iştirak ediblər.
Qonaqları salamlayan rektor informasiya texnologiyalarının sürətli və dinamik inkişaf dövrü keçdiyini, bütün sahələrə, eləcə də tikinti sahəsinə yeniliklər gətirdiyini qeyd edib. BIM texnologiyalardan istifadə, bu sahədə bilik və bacarıqların əldə olunmasının gələcəyin mütəxəssisləri üçün olan əhəmiyyətinə diqqət çəkib. Gülçöhrə Məmmədova müasir tələblərə və əmək bazarına uyğun mühəndis kadrlar hazırlamaq, yeni texnologiyaları tədris prosesində öyrətmək üçün qabaqcıl şirkətlərlə qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əməkdaşlıq və protokol departamentinin rəhbəri Eldar Salahov görüş iştirakçılarına məlumat verib ki, ölkəmizdə layihələndirmə sahəsində BIM (Building Information Modeling) texnologiyalarının istifadəsinə keçidin təmin olunmasına yardım məqsədi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Asiya İnkişaf Bankı (AİB) arasında müvafiq müzakirələr aparılıb. “Tərəflər arasında BİM texnologiyalarının tətbiqi üzrə məsləhət xidmətlərinin göstərilməsi üzrə texniki yardım layihəsinin həyata keçirilməsi barədə razılıq əldə edilib. Layihənin icra edilməsi məqsədi ilə AİB Böyük Britaniyanın BİM sahəsində ixtisaslaşmış “GARLAND” və “Corporate Solutions” şirkətlərini işə cəlb edib. 2021-ci il 4-cü rübündən başlayaraq bu günə qədər Komitə xarici ekspertlərlə sıx əməkdaşlıq edərək Azərbaycanda BİM texnologiyalarının mövcud vəziyyəti, gələcək perspektiv və çağırışları haqqında vəziyyətin öyrənilməsi istiqamətində müxtəlif işlər görüb”.
Komitə rəsmisi bu günki görüşün də BIM texnologiyalarının gələcəkdə yerli tədris ocaqlarında öyrənilməsi imkanlarının müzakirə edilməsi məqsədi daşıdığını bildirib. Qeyd edib ki, layihənin uğurla həyata keçirilməsi üçün əvvəlcə müəllimlərin hazırlanması, məlumatlandırılması, ekspert qrupunun yaradılması, sonrakı mərhələdə tədris olunması vacibdir.
AzMİU-nun rektoru universitet və tələbələr üçün belə bir imkan yaratdığına görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinə təşəkkür edib, Universitetin üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmək üçün lazımi işləri görəcəyini qeyd edib.
Görüşdə görüləcək işlər və istiqamətlər tərəflər arasında müzakirə edilib.