AMEA-nın Radiasiya Problemləri İnstitutunda AzMİU-nun sonuncu kurs tələbələri ilə görüş keçirilib [30.03.2022]
AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) 27 Mart - Elm gününə həsr olunmuş açıq qapı günləri çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) son kurs tələbələri ilə görüş keçirilib. Görüşdə AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, AzMİU-nun Təcrübə və karyera Mərkəzinin müdiri Xanlar Qəniyev, universitetin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri, müəllimləri həmçinin İnstitutun laboratoriya və şöbə müdirləri iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev qonaqları və tələbələri salamlayıb, Radiasiya Problemləri İnstitutunun tarixi və fəaliyyət istiqamətləri, tədqiqatlar üçün yaradılmış şərait və əldə edilmiş nailiyyətlər haqqında məlumat verib. AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov Elm gününün təsis edilməsi və bu günün əhəmiyyətindən, eləcə də elmi nailiyyətlərin təbliğindən danışıb, gələcəyin alimləri olacaq tələbələrə tövsiyələrini bildirib.
AzMİU-nun Təcrübə və Karyera Mərkəzinin müdiri Xanlar Qəniyev bildirib ki, gələcək elmi inkişaf məhz bugünkü tələbələrin çiyinlərindədir və onlar yaradılmış şəraitdən maksimum yararlanmağa çalışmalıdırlar. AzMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimləri dosent Emil Qafarov və dosent Aytən Əhmədova universitet və RPİ arasındakı əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışıblar.
Görüşdə RPİ-nin icraçı direktoru dosent Rəvan Mehdiyeva, institutun laboratoriya müdirləri - professor Rəhim Mədətov, professor Müslüm Qurbanov çıxış edərək ümumilikdə Akademiyada tələbələr üçün yaradılmış şəraitdən danışıblar, tələbələrə gələcək elmi fəaliyyətləri ilə bağlı tövsiyələr veriblər.
Sonda görüşdə iştirak edən qonaqlar və tələbələrin iştirakı ilə institutun laboratoriyalarındakı cihazlar, qurğular və avadanlıqlarla əyani tanışlıq olub.