AzMİU-da “Elimizə bahar gəlir” adlı Novruz şənliyi keçirilib

     Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Elimizə bahar gəlir” adlı Novruz şənliyi keçirilib. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, universitetin prorektorları, dekanlar, müəllim və tələbələri iştirak edib. 
     Tədbirdə çıxış edən rektor Novruz bayramı münasibətilə xalqımızı, müəllimləri, əməkdaşları təbrik edib, bolluq, bərəkət rəmzi olan Novruzun bütün evlərə, ailələrə xoşbəxtlik, firavanlıq gətirməsini, çətinliklərin, problemlərin ötən ildə qalmasını arzulayıb. Gülçöhrə Məmmədova artıq Novruz bayramının işğaldan azad olan torpaqlarımızda, Şuşada, Cıdır düzündə də qeyd olunduğunu fəxrlə vurğulayaraq bu sevinci bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə, qalib Ordumuzun cəsur əsgərlərinə, qəhrəman Vətən oğullarımıza minnətdarlığını bildirib. 
     Bayram tədbiri təbriklər, Novruza xas oyunlarla davam edib.  AzMİU-nun bədii özfəaliyyət kollektivinin üzvlərinin ifasında bir-birindən şux, bayram ovqatlı mahnılar səsləndirilib, tələbələr Novruz bayramına həsr olunmuş şeirlər, bayatılar söyləyiblər. Universitetin tələbələrindən ibarət rəqs qrupunun təqdim etdiyi rəngarəng, oynaq, milli rəqslər alqışlarla qarşılanıb. 
          


 

28-03-2022