AzMİU-nun dizayn ixtisasında oxuyan tələbələrinə bu semestrdə də italyan dili dərsləri keçiriləcək 


          Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova İtaliya Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilən “Laureati per l’italiano” qrant layihəsi çərçivəsində universitetin tələbələrinə italyan dilini öyrətmək üçün Bakıya gələn Mikela Tavaqni ilə görüşüb. İtaliyanın ölkəmizdəki səfirliyinin mədəniyyət attaşesi Lorena Masçiletto da görüşdə iştirak edib. 
          Rektor görüşdə İtaliya ali məktəbləri ilə əməkdaşlığın 2003-cü ildən bu günə qədər uğurla davam etdirildiyini vurğulayıb. İkitərəfli müqavilələr, Avropa Birliyinin Erasmus+ layihələri və digər beynəlxalq layihələr çərçivəsində İtaliyanın Milan Texniki, Pavia və Sapienza universitetləri ilə səmərəli əməkdaşlıqdan danışıb. 2019-2020-ci tədris ilində AzMİU-nun Memarlıq fakültəsinin dizayn ixtisasında oxuyan tələbələri üçün italyan dilinin tədrisinə başlanıldığını qonaqların diqqətinə çatdırıb. Bu ənənənin 2022-ci ildə də davam edəcəyindən məmnunluq ifadə edən Gülçöhrə Məmmədova tələbələrimiz üçün bu imkanı yaradan İtaliya Respublikasının XİN-nə təşəkkürünü bildirib. 
         Qonaqlar da səmimi qəbul və xoş münasibət üçün rektora minnətdarlıq ediblər, layihənin uğurlu və səmərəli nəticələri üçün lazımi dəstəyin göstəriləcəyini bildiriblər.  
         Görüşdə İtaliya universitetləri ilə AzMİU arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. 
         Məlumat üçün qeyd edək ki, İtaliya Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilən “Laureati per l’italiano” layihəsi ana dili italyan dili olmayan ölkələrdə tədris olunur. Layihə belə ölkələrdə italyan dilinin tədrisinin zənginləşdirilməsinə xidmət edir. 


 

30-03-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]