AzMİU-da Elmi Şuranın növbəti iclası keçirilib


     Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elmi Şuranın ənənəvi formatda növbəti iclası keçirilib. Gündəlikdə olan məsələlərə keçməzdən əvvəl Şura üzvləri bu günlərdə dünyasını dəyişmiş universitetin Təsviri incəsənət kafedrasının professoru Albert Mustafayevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Zakir Musayevi 75, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Surxay Əliyevi 70 illik yubileyləri münasibəti ilə təbrik edib, onlara uzun ömür, möhkəm cansağlığı arzu edib. Elmi Şuranın üzvləri də həmkarlarını təbrik edib, onlara xoş arzularını çatdırıblar. 
     Rektor gündəlikdə olan məsələlər haqqında məlumat verib və gündəlik şura üzvləri tərəfidən təsdiq olunduqdan sonra Tədris işləri üzrə prorektor, dosent Akif Qasımov 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri və yaz semestrinin imtahan sessiyasına hazırlıq barədə geniş hesabat təqdim edib. O, həm bakalavr, həm də magistratura səviyyələri, fakültələr və kurslar üzrə keyfiyyət və kəmiyyət göstəricilərini iclas iştirakçılarının diqqətinə çatdırıb. A.Qasımov AzMİU-nun nəzdindəki İnşaat kollecində də keçirilən imtahan sessiyasının nəticələrini təqdim edib. Yaz imtahan sessiyasının təşkili məsələlərinə aydınlıq gətirən prorektor eyni zamanda koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş karantin rejimi şəraitində universitetdə hibrid formada keçirilən tədrisin vəziyyəti, tələbələrin biliklərinin qiymətləndirilməsi və gündəmdəki digər vacib məsələlərdən də danışıb.
     Təcrübə və karyera mərkəzinin direktoru Xanlar Qəniyev “Bakalavr və magistr səviyyələrində təcrübələrin gedişi və ixtisas kafedralarının istehsalatla əlaqələri” barədə hesabatla çıxış edib. O, müasir dövrün tələblərinə və əmək bazarına uyğun mütəxəssis hazırlığı prosesində istehsalat təcrübələrinin əhəmiyyətini vurğulayaraq Şura üzvlərini bütün fakültələr üzrə praktikaların təşkilinə dair vəziyyətlə tanış edib. Ortaya çıxan nöqsanlar və çatışmazlıqlarla bağlı verilən məlumatlar ətrafında geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib.
     Elmi Şuranın iclasında gündəlikdə olan məsələlər Şura üzvləri ilə müzakirə edildikdən və yekdil qərarlar qəbul olunduqdan sonra rektor bütün məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verib. Həmçinin iclasda cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

28-03-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]