Azərbaycanın ilk peşəkar maşın dizayneri AzMİU tələbələri ilə görüşüb

     Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bir çox avtomobil istehsalı şirkətləri ilə əməkdaşlıq edən, beynəlxalq müsabiqələrdə yüksək nailiyyətlər qazanan, Azərbaycanın ilk peşəkar maşın dizayneri Samir Sadıxovun gənclərlə görüşü keçirilib. İtaliya-Azərbaycan Dizayn Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə Universitetin Dizayn ixtisası üzrə təhsil alan tələbələri iştirak edib. 
     Mərkəzin direktoru Fərid Kərimov  görüşü açıq elan edərək dəvəti qəbul edib tələbələrlə görüşə gələn S.Sadıxova təşəkkürünü bildirib. F.Kərimov İtaliya-Azərbaycan Dizayn Mərkəzinin dizayn sahəsində aparıcı mütəxəssislər, eləcə də digər tanınmış şəxslərlə silsilə görüşlər layihəsinə bu gün etibarilə start verildiyini bildirib. 
     Daha sonra S.Sadıxov peşəkar və yaradıcı fəaliyyətindən, keçdiyi həyat yolundan, dizayn sahəsində beynəlxalq təcrübələrindən danışıb, elm-təhsil, intellektual inkişafla bağlı müxtəlif tövsiyələr verib və layihələrini nümayiş etdirib. 
     Diskussiya formatında davam edən görüş zamanı çağdaş dizayn yenilikləri barədə fikir mübadiləsi aparılıb. Tələbələri maraqlandıran suallar S.Sadıxov tərəfindən  cavablandırılıb.

     Görüşdən sonra S.Sadıxov Memarlıq fakültəsində olub, fakültənin dekanı, professor Zahidə Məmmədova ilə görüşüb. Fakültə ilə yaxından tanış olan dizayner fənn auditoriyalarına, emalatxanaya da baş çəkib. 
 

31-03-2022