AzMİU-da görkəmli memarlar Ənvər Qasımzadə və Hənifə Ələsgərovun 110 illik yubileyinə həsr olunmuş  tədbir keçirilib

          Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) görkəmli memarlar Ənvər Qasımzadə və Hənifə Ələsgərovun 110 illik yubileyinə həsr olunmuş  tədbir keçirilib. Tədbirdə universittin professor-müəllim heyəti, tələbələri ilə yanaşı, hər iki yubiyarın ailə üzvləri, müxtəlif qurumlardan qonaqlar iştirak ediblər.
          Tədbiri giriş nitqi ilə açan AzMİU-nun Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova iştirakçıları salamlayıb, tədbirin əlamətdar gündə, xalqımız üçün əziz olan İlaxır çərşənbədə keçirildiyini xatırladıb, hamını bayram münasibəti ilə təbrik edib. Zahidə xanım Azərbaycanın XX əsr memarlığının inkişafında və xüsusilə də şəhərsalma tarixində mühüm yeri olan hər iki dəyərli ziyalının memarlıq sənətinin inkişafındakı xidmətlərindən danışıb. 
          AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Azərbaycanın görkəmli memarı və dövlət xadimi, AMEA-nın müxbir üzvü Ənvər Qasımzadənin və Azərbaycanın əməkdar inşaatçısı, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı Hənifə Ələsgərovun mənalı həyat yolundan söhbət açıb, onları Azərbaycan memarlıq sənətinin ən görkəmli nümayəndələri kimi dəyərləndirib. Hər iki memarın təkcə Bakının deyil, başqa şəhərlərimizin də simasının dəyişməsində xidmətlərinin böyük olduğunu vurğulayıb, onların layihələri əsasında Gəncə, Yevlax, Şəki, Daşkəsən, Şuşa və Xankəndində onlarca yaşayış evi və ictimai binaların ucaldıldığını bildirib. Rektor qeyd edib ki, Azərbaycanın hər yerində onların müəllifi olduqları unikal memarlıq xüsusiyyətləri ilə seçilən möhtəşəm tikililəri saymaqla bitməz. 
          Memarlığın əsasları kafedrasının müəllimi Fidan Mustafayeva tədbir iştirakçılarına görkəmli memarların həyat və yaradıcılığı haqqında geniş məlumat verib, onlara həsr olunmuş slayd-şou təqdim olunub. 
          AzMİU-nun professoru Ramiz Əbdürrəhimov Ənvər Qasımzadə, Hənifə Ələsgərov kimi memarların gəncə nəslə tanıdılması baxımından bu tədbiri yüksək qiymətləndirib, tədbirin təşkilatçılarının əməyini yüksək dəyərləndirib. R.Əbdürrəhimov universitet illərində ona dərs deyən müəllimləri Ənvər Qasımzadə və Hənifə Ələsgərovla bağlı xatirələrini bölüşüb, tələbələri ilə dost, həmkar kimi davranan böyük memarların yaddaşlarda səmimi, xeyirxah, qayğıkeş və təvazökar insanlar kimi qaldıqlarını vurğulayıb. 
           Tədbirdə çıxış edən AzMİU-nun Memarlığın əsasları kafedrasının müdiri Nizami Nağıyev hər iki yubilyar haqqında xatirələr söyləyib, xoş sözlər səsləndirib. Çıxışlardan sonra ailə üzvləri adından Elbay Qasımzadə və Erkin Ələsgərov çıxış edərək atalarının xatirəsini ehtiramla anan Universitet rəhbərliyinə, tədbir təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
            Sonda tədbir iştirakçıları Ənvər Qasımzadənin həyat və yaradıcılığına həsr olunmuş “Ənvər Qasımzadə - ata, memar, vətəndaş” filminə baxıblar. 
 

28-03-2022