HOLCİM Azərbaycan gənc dizaynerlər üçün müsabiqə elan edir
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) partnyorlarından biri olan HOLCİM Azərbaycan şirkətinin nümayəndələri Memarlıq fakültəsinin Dizayn ixtisasında təhsil alan tələbələr üçün təqdimat keçirib. HOLCİM Azərbaycanın kommersiya direktoru Sergiu Stoicov, Əlaqələr və davamlı inkişaf üzrə meneceri Rəna Tahirova dizaynerlərlə görüşə gəliblər. Görüşdə Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, Dizayn kafedrasının müəllimləri və dizayn ixtisasında təhsil alan tələbələr iştirak ediblər.
Strateji planlaşdırma şöbəsinin müdiri T.Əliyeva qonaqları salamlayıb, HOLCİM şirkəti ilə AzMİU-nun sıx partnyorluq əlaqələrindən danışıb. Memarlıq fakültəsinin dekanı Z.Məmmədova universitetin müəllimlərinin “HOLCİM Awards” müsabiqəsində iştirakından danışıb və tələbələri təqdim olunacaq müsabiqədə aktiv iştirak etməyə çağırıb.
Şirkətin kommersiya direktoru S.Stoicov hər kəsi salamlayaraq yaradılmış şərait üçün HOLCİM Azərbaycan adından təşəkkürünü bildirib. S.Stoicov tələbələrə şirkət və onun fəaliyyəti, məhsulları haqqında, dünya, eləcə də ölkə bazarında şirkətin yeri ilə bağlı lazımi məlumatları çatdırıb. Daha sonra qonaq Holсim Azərbaycanın yeni yaradılmış İnnovasiya Mərkəzi üçün “Ən yaxşı dizayn işi” müsabiqəsi, onun şərtləri haqqında prezentasiyanı tələbələrə təqdim edib.
Müsabiqənin əsas meyarlarının realizm, ergonomika, yaradıcılıq və praktiklik olduğunu vurğulayan kommersiya direktoru slaydlarda yaradılacaq olan innovasiya mərkəzi üçün müəyyən olunmuş anbarın şəkillərini təqdim edib. Bildirib ki, layihə 2D və ya 3D formatında təqdim edilməlidir. Şirkət nümayəndəsi tələbələrin diqqətinə onu da çatdırıb ki, müsabiqədə iştirak üçün müraciət edən dizaynerlərin sayı və adları müəyyən olunduqdan sonra həmin məkana ekskursiyaslarını da təşkil edəcəklər.
Müsabiqənin ümumi mükafat fondu 2000 manat nəzərdə tutulur. 1-ci yer 1000 manat, 2-ci yer 700 manat (UMİCO kartı), 3-cü yer isə 300 manatdır ( UMİCO kartı). Sonda tələbələrin sualları cavablandırılıb və qarşılıqlı diskusiya şəkilində təqdimat yekunlaşıb.
Məlumat üçün qeyd edək ki, müsabiqəyə qatılmaq üçün dizaynerlər yaradılmış forma vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Tələbələr əlavə sual və məlumat üçün Strateji planlaşdırma şöbəsinə, 113-cü otağa müraciət edə bilərlər.