Slovakiya Respublikasının Bakıdakı səfirliyinin missiya rəhbəri AzMİU-nun qonağı olub


     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova Slovakiya Respublikasının Bakıdakı səfirliyinin missiya rəhbəri Milan Layçiak və missiya rəhbərinin müavini Elçin Qasımovla görüşüb. Görüşdə AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev də iştirak edib. 
     Səfirlik rəsmilərinin rəhbərlik etdiyi təhsil ocağında görməkdən məmnun olduğunu deyən rektor universitet, fakültələr, ixtisaslar və əməkdaşlıq əlaqələri haqqında qonaqlara məlumat verib. G.Məmmədova 2018-2019-cu tədris ilində Slovakiyanın Koşitse Texniki Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalandığını, həmin universitetin 8 tələbəsinin AzMİU-da təşkil olunmuş Qış məktəbində iştirak etdiyini qonaqların diqqətinə çatdırıb. O, həmçinin Avropa Birliyi tərəfindən qrant alan “Dəmir yolu nəqliyyatının menecmenti” adlı layihə üzrə Zilina Universiteti ikitərəfli əlaqələr qurulması, AzMİU-nun nümayəndə heyətinin Slovakiyaya səfər etməsi, lakin COVİD 19 pandemiyası səbəbindən layhənin yarımçıq qalması barədə də qonaqlara məlumat verib. Rektor Slovakiyanın digər universitetləri ilə AzMİU arasında qarşılıqlı, faydalı əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.
     AzMİU-da olmaqdan məmnun olduğunu deyən cənab Layçiak görüşə görə rektora  təşəkkürünü bildirib. Missiya rəhbəri təmsil etdiyi ölkənin ali təhsil sistemi haqqında ətraflı məlumat verib, hər iki ölkədə eyni ixtisaslarda təhsil alan tələbə və müəllimlərin mübadiləsi və birgə layihələrin işlənməsinin əhəmiyyətinə toxunub. O, görüşdə səslənən təklifləri müsbət dəyərləndirib, münasibətlərin daha yüksək səviyyəyə çatması üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.
     Görüş AzMİU və Slovakiya ali məktəbləri arasında təhsil sahəsində əlaqələrin gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi, iki ölkə arasında tələbə mübadiləsi, elmi və digər sahələr üzrə əməkdaşlığa dair fikir mübadiləsi ilə davam edib.


 

16-03-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]