AzMİU-da albanşünas alim Fəridə Məmmədovanın xatirəsinə həsr olunmuş elmi simpozium keçirilib


     Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (AMEA), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının akademiki, Azərbaycanın Əməkdar elm xadimi, Respublikanın Dövlət mükafatı laureatı, "Şöhrət" ordeni və "Qızıl Qələm" mükafatçısı, tarix elmləri doktoru, professor Fəridə Məmmədovanın xatirəsinə həsr olunmuş onlayn elmi simpozium keçirilib. Simpoziuma Azərbaycanın müxtəlif elm, təhsil müəssisələri ilə yanaşı, müxtəlif ölkələrdən də qonaqlar qoşulub. Tədbir AzMİU-nun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, professor Səbinə Hacıyevanın moderatorluğu keçirilib. 
     Simpoziumu giriş nitqi ilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açıb tədbir iştirakçılarını salamlayıb. Rektor Azərbaycan tarixi üzrə 200-ə yaxın əsərin, o cümlədən 4 monoqrafiya və kitabın müəllifi olan Fəridə xanımın ömür yoluna nəzər salıb. Onun tarix elminə həsr olunmuş “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası”, “Qafqaz Albaniyası və albanlar", “Musa Kalankatlı Qafqaz Albaniyasının ictimai tarixində mənbə kimi” kitablarının elmi ictimaiyyətin dərin rəğbətini qazandığını qeyd edib. Görkəmli alimin beynəlxalq miqyasda ermənilərin saxtakar əməllərini, saxta tarixlərini ifşa etdiyini deyən G.Məmmədova onun tədqiqatlarına qədər qədim albanşünaslığın ermənişünaslığın bir hissəsi hesab edildiyini  xüsusi vurğulayıb. “Məhz onun araşdırmaları sayəsində Qafqaz Albaniyası “Böyük Ermənistanın bir hissəsidir” ideyasına son qoyulub. Görkəmli alim sübut edib ki, Qafqaz Albaniyası həmişə müstəqil dövlət olub, Ermənistan isə əksinə Roma İmperiyasının və İranın tərkib hissəsi olub, heç bir zaman dövlətçiliyi olmayıb”. 
     AMEA-nın Elmi Şurasının direktoru, A.A.Bakixanov adına Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov Fəridə Məmmədovanın xatirəsinə həsr olunmuş simpoziumun AzMİU-da keçirilməsini yüksək qiymətləndirərək universitetin rəhbərliyinə təşəkkürünü bildirib. K.Şükürov tanınmış alimin elmi fəaliyyətinə qısa nəzər salıb, onun Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Azərbaycan Albaniyasında feodalizmin genezisi problemini tədqiq etdiyini xatırladıb. Qeyd edib ki, Fəridə xanım ilk dəfə xristianlığın Albaniyada yayılması, eləcə də alban kilsəsinin yaranma tarixini araşdırıb, onun Qafqazda ən qədim həvari və avtokefal kilsə olmasını sübut edib, ilk dəfə alban hüququnun ən qədim abidəsini Qarabağla bağlı erməni “elmi təcavüzü”nü ifşa və tədqiq edib. “Tarix elmində ilk dəfə Albaniyanın e.ə. IV əsrindən e. VII əsri daxil olmaqla bütöv bir dövrü üçün 6 xəritə tərtib edib, Albaniya dövlətçiliyinin bütün rəmzlərini, Alban Arşakilar sülaləsinin və onları əvəz etmiş büyük knyazlar - Mehranilərin daxili və xarici siyasətini işıqlandırıb. Erməni tarixi coğrafiyasını tədqiq edərək, ermənilərin yalnız iki dəfə, Qafqaz hüdudlarından kənarda, Kiçik Asiyanın iki müxtəlif yerində dövlət qurumunun yaranmasını üzə çıxarıb”.
     Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının katibi, tarixçi Arximandrit Aleksi də xatirəsinə böyük ehtiram bəslədiyi hörmətli müəllimi ilə bağlı xatirələrini bölüşüb. Onun 2005-ci ildə nəşr edilən “Qafqaz Albaniyasi və albanlar” adlanan monoqrafiyasından danışıb, bu əsərdə Qafqaz Albaniyası tarixinin əsas cəhətlərini üzə çıxarmasına, IX–XIX əsrlərin son dövr albanlarının tarixini işıqlandırmasına toxunub. 
     Simpoziumda çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, AzMİU-nun kafedra müdiri Səbinə Hacıyeva, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Volqoqrad İdarəetmə İnstitutunun fəlsəfə və sosiologiya kafedrasının professoru Riçard Danakari, Qafqaz Albaniyasinin Mənşəyi Məsələsinə Dair AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun "Etnoarxeologiya" şöbəsinin müdiri, tarix elmləri doktoru, professoru Nəcəf Müseibli görkəmli alimin elmi fəaliyyəti barədə öz fikirlərini bildirib, onun tarix elmi qarşısındakı böyük xidmətlərini bir daha yada salıblar.  

 

10-03-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]