Əcnəbi vətəndaşların hazırlığı fakültəsində Xocalı dərsi
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bütün fakültələrində Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib, soyqırım qurbanlarının xatirəsi anılıb. Universitetin Əcnəbi vətəndaşların hazırlığı fakültəsində hər il olduğu kimi, bu il də ilk dərs Xocalı faciəsinə həsr olunub.
Fakültənin Azərbaycan dili və pedaqogika kafedrasının müəllimləri hazırlıq qrupunda oxuyan əcnəbi tələbələrə xalqımızın qan yaddaşına həkk olunan Xocalı soyqırımından danışıblar. 1992-ci ilin 26 fevral tarixində Xocalıda həmvətənlərimizin başına gətirilən müsibətlər, erməni cəlladlarının törətdikləri insanlığa sığmayan vəhşiliklər, ağır işkəncələrlə qətlə yetirilən soydaşlarımızın faciəvi taleləri dinləyiciləri sarsıdıb.
Kafedranın müəllimləri Xocalı dəhşətlərini tələbələrə şifahi şəkildə faktlar və sənədlərlə çatdırmaqla kifayətlənməyiblər, Xocalı həqiqətlərini özündə əks etdirən şəkil və videolardan ibarət videoçarx nümayiş olunub.