AzMİU-da “Xocalı soyqırımı - qan yaddaşımız!” adlı anım tədbiri keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı - qan yaddaşımız!” adlı tədbir keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. THİK sədri Bayram Aslanov tədbiri açıq elan edib, Xocalı faciəsinin tariximizin qanlı səhifəsi olduğunu, bu dəhşətli faciənin yaddaşımızdan silinməyəcəyini vurğulayıb.
Tədris işləri üzrə prorektor Akif Qasımov çıxışında Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib və gəncləri vətənpərvər olmağa səsləyib. Xocalı faciəsinin xalqımıza qarşı soyqırımı aktı kimi dünyada tanınması üçün Azərbaycan dövlətinin bütün zəruri addımları atdığını qeyd edən A.Qasımov Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkəmizin informasiya blokadasından çıxaraq Azərbaycan həqiqətlərinin, o cümlədən, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasını yada salıb. Qeyd edib ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib və fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunub. Prorektor çıxışında 44 günlük Vətən müharibəsində Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun, qəhrəman oğullarımızın ermənilərdən Xocalı şəhidlərinin qisasını aldıqlarını, onların qanının yerdə qalmadığını xüsusi vurğulayıb.
Çıxışlardan sonra THİK-in özfəaliyyət klubunun üzvlərinin hazırladığı Xocalı hadisələrinə həsr olunmuş videoçarx və səhnəcik nümayiş olunub.
Tədbirdə iştirak edən Xocalı faciəsinin canlı şahidi, universitetimizin əməkdaşı Nəcibə Əliyeva o gecədə gördüyü dəhşətlərdən, ermənilərin törətdiyi vəhşiliklərdən danışıb, həmin günlərin xalqımızın yaddaşında silinməz izlər qoyduğunu və heç zaman unudulmayacağını bildirib.