AzMİU-nun nümayəndə heyəti Ankara və Hacettepe Universitetində ezamiyyətdə olub
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimlərindən ibarət nümayəndə heyəti ötən həftə Türkiyədə ezamiyyətdə olub. Universitetin Tədris işləri üzrə prorektoru Akif Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankara və Hacettepe Universitetində səmərəli görüşlər keçiriblər, işgüzar danışıqlar aparıblar.
Hacettepe Universitetinin prorektoru professor Vural Gökmənlə görüşdə AzMİU-nun prorektoru ilə yanaşı, Sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri Ruhəngiz Əliyeva, İqtisadi nəzəriyyə və marketinq kafedrasının baş müəllimi Rumella Cəfərova, Biznesin iqtisadiyyatı və menecment kafedrasının dosenti Elşad Yusifov da iştirak edib. Səmimi qəbula görə təşəkkürünü bildirən Akif Qasımov zəngin ənənələrə, müasir infrastruktura və güclü potensiala malik olan qardaş ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olan Hacettepe Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. AzMİU-nun potensial inkişaf istiqamətləri və strateji hədəfləri barədə ətraflı məlumat verən prorektor tələbə və müəllim mübadiləsi, birgə elmi konfransların təşkili, ortaq layihələrin icra edilməsi və digər sahələrdə ikitərəfli əməkdaşlıq üçün mövcud imkanların səfərbər edilməsinin önəmindən danışıb.
Hacettepe Universitetinin prorektoru, professor Vural Gökmen hər iki ali təhsil müəssisəsinin iqtisad profilli fakültələri arasında qarşılıqlı faydalı işbirliyinin potensial nəticələrinə dair fikirlərini bölüşüb. Hacettepe Universitetində davam edən görüşdə iqtisadi ixtisaslar üzrə birgə fəaliyyətin detalları müzakirə olunub.
Ezamiyyət zamanı AzMİU-nun əməkdaşları Universitetin kitabxanası , İqtisadi və idari bilimlər fakültəsinin müəllimləri və tələbələri ilə də tanış olublar. İqtisadi və idari bilimlər fakültəsinin dekanı, professor Mustafa Umur Tosunla görüşdə onlara fakültənin tarixi haqqında məlumat verib, ən üstün keyfiyyətə malik innovativ fakultələrdən biri olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran çoxsaylı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, ilkin mərhələdə atılacaq addımlardan danışılıb.