AzMİU-da dərslər başladı
Bu gündən etibarən ölkənin bütün ali təhsil müəssisələrində olduğu kimi, Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) də ikinci semestrin dərsləri başlayıb.
Payız semestrində olduğu kimi Universitetdə dərslər hibrid formada keçiriləcək. Universitet rektorluğunun dünən keçirilən iclasında bu barədə qərar qəbul olunub. Qərara əsasən, 2021/2022-ci tədris ilinin yaz semestrinin dərsləri 30 faiz onlayn, 70 faiz ənənəvi qaydada təşkil olunacaq. Belə ki, mühazirə dərsləri onlayn, praktik dərslər, laboratoriya dərsləri, seminarlar oflayn formada keçiriləcək. Dərslərdə tələbələr arasında ara məsafəsinin gözlənilməsi, maskalardan, dezinfeksiyaedici məhlullardan istifadə və s. qaydalara ciddi əməl olunacaq.
Tədris prosesinin COVİD 19 pandemiyasının şərtlərinə uyğun olaraq təşkili məsələsi də Universitet rəhbərliyinin diqqətindədir. Bu gündən Universitetin bütün tədris korpusları, auditoriyalar, laboratoriyalar, dəhlizlər, bufetlər dezinfeksiya olunur, korpuslarda divarlardan dezinfeksiyaedici məhlullar, yeni məlumatlandırıcı lövhələr asılıb.