TEC-in təşkilatçılığı ilə elmi seminar keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Bina və qurğuların müayinəsi və zəlzələyə davamlılığı” adlı elmi seminar keçirilib. Seminarda əsas məqsəd universitetdə keçirilən fənlərin praktikada tətbiqinin real təsəvvürünü yaratmaq, tələbə və müəllimlər arasında fikir mübadiləsi aparmaqdır.
TEC-in sədri Reyhan Əkbərli, Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrasının dosenti Tükəzban Həsənova nəzəri biliklərə əsaslanan təcrübələrini tələbələrlə bölüşüblər. Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun “ETLKİM”-in kiçik elmi işçisi, eyni zamanda AzMİU-nun M270a qrupunun magistrantı Pərviz Qarayev FHN TTNDA S.Ə.Dadaşov ETLKİM İnstitutu haqqında ümumi məlumat verib. O, laboratoriyalarında həyata keçirilən sınaqlara dair video çarxı görüş iştirakçılarına təqdim edərək, bina və qurğuların müayinəsi və zəlzələyə davamlılığı, tikinti obyektinin müayinə forması və növləri, bina və qurğuların müayinəsinin aparılması üsulları haqqında danışıb. P.Qarayevin ekspert rəyinin verilməsi üçün iştirak etdiyi tunelin müayinəsinə dair videoçarxı nümayiş olunub, əldə olunmuş sınaq nümunələrinin laboratoriyada hansı şəraitdə yoxlanılması göstərilib. Daha sonra P.Qarayev zəlzələyə davamlı tikililərin layihələndirmə qaydalarına dair məlumat verib və zəlzələ təsirlərinin azaldılması üçün tikintidə görülən müasir tədbirlər barədə danışıb.
Qarşılıqlı müzakirə şəklində baş tutan görüşdə 40-a yaxın tələbə iştirak edib. Sonda mövzuya dair tələbələrin sualları cavablandırılıb.