TEC ilə Təcrübə və Karyera Mərkəzinin tələbələrlə təlimatyönümlü görüşü keçirilib
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Elmi Cəmiyyəti (TEC), Təcrübə və Karyera Mərkəzinin təşkilatçılığı ilə istehsalat, elmi tədqiqat və elmi pedaqoji təcrübələrlə bağlı tələbələrlə təlimatyönümlü görüşü keçirilib.
“Zoom” platforması üzərindən təşkil olunan onlayn görüşdə AzMİU-nun Təcrübə və Karyera Mərkəzinin müdiri Xanlar Qəniyev və TEC-in sədri Reyhan Əkbərli iştirak edib. Görüşə müxtəlif fakültələrdən 200-ə yaxın IV kurs tələbələri qoşulub. Görüşün keçirilməsində məqsəd təcrübə müddəti üçün müəyyən edilmiş qaydalar haqqında tələbələrə ətraflı məlumat vermək, onların suallarını cavablandırmaq və istehsalat təcrübəsi ilə bağlı bəzi məsələlərin aydınlaşdırılmasıdır. X.Qəniyev hazırda AzMİU-nun respublikada fəaliyyət göstərən 150-ə yaxın müəssisə ilə təcrübə yönümlü əməkdaşlıq müqaviləsinin olduğunu bildirib. Mövcud müqavilələr çərçivəsində universitetin sonuncu kurs bakalavr və magistr səviyyələrində təhsil alan tələbələrin həmin müəssisələrdə istehsalat və elmi-tədqiqat təcrübələri keçməsi ilə bağlı məlumat verib. O, istehsalat təcrübəsi müddətində tələbələrin tədris boyu yiyələndiyi nəzəri bilikləri təcrübədə tətbiq etmələrinin onların gələcək iş həyatlarında çox böyük rol oynadığını vurğulayıb. Daha sonra təcrübə müddəti üçün müəyyən edilmiş qaydalar haqqında tələbələrə ətraflı məlumat verilib. X. Qəniyev bildirib ki, tələbələrin müəssisədə istehsalat təcrübəsi 14 həftəlik iş saatını təşkil edir. İstehsalat təcrübəsi müddətində tələbə nəzərdə tutulmuş iş saatında təcrübə yerində olmalıdır. Tələbə istehsalat təcrübəsi proqramının yerinə yetirilməsi üçün ayrılan müddətin 25%-dən çoxunda iştirak etmədiyi halda, təcrübəni keçməmiş hesab olunur, buraxılış işinin müdafiəsinə buraxılmır. Bu qaydaları pozan tələbənin təcrübəsi müəssisənin təcrübə rəhbəri tərəfindən dayandırılır.
X.Qəniyevin çıxışdan sonra təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb. Tələbələrin istehsalat təcrübəsinə dair yaranmış sualları TEC-in sədri Reyhan Əkbərli tərəfindən səsləndirilib. Ünvanlanan çoxsaylı suallar X.Qəniyev tərəfindən operativ şəkildə cavablandırılıb.