AzMİU ilə Məsaməli beton blokları istehsalçısı “AAC” MMC arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Məsaməli beton blokları istehsalçısı “AAC” MMC arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Görüşdə Universitetin professor-müəllim heyəti ilə yanaşı, şirkətin Baş direktoru Ayaz Əliyev, Kommersiya direktoru Xəyyam Mahmudov, Marketinq direktoru Saday Əlverdiyev də iştirak edib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları salamlayaraq tələbələrin əmək bazarına çıxışını təmin etmək üçün universitet-sənaye işbirliyinin inkişaf etdirilməsinin rəhbərlik etdiyi təhsil müəssisəsi üçün prioritet məsələlərdən biri olduğunu vurğulyıb. Gülçöhrə Məmmədova gələcək əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına dair əminliyini ifadə edib.
Görüşdə iştirak edən İnşaat fakültəsinin dekanı Hikmət Məmmədov və Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının müdiri Sahib Fərzəliyev əməkdaşlığın üstünlüklərini qeyd edərək müqavilənin hər iki qurum arasında əlaqələrin istiqamətini daha da genişləndirəcəyini, həmçinin tələbələrin gələcək karyerasında mühüm rol oynayacağını bildiriblər.
“AAC” MMC-nin Baş direktoru Ayaz Əliyev şirkət olaraq AzMİU ilə əməkdaşlıqda maraqlı olduqlarını, elm ocağının kadrlarının məsləhət və tövsiyələrinə ehtiyaclar duyduqlarını dilə gətirib. O, səyləri birləşdirərək potensial kadrları üzə çıxarib yerli bazara və ölkə iqtisadiyyatına töhfə veriləcəyinə əminlik ifadə edib.
Çıxışlardan sonra iki qurum arasında Memorandum imzalanıb.
Məlumat üçün qeyd edək ki, Memorandum təhsil sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, təhsil keyfiyyətinin və tələbələrin peşə fəaliyyətinin yaxşılaşdırılması, tələbələrin təcrübəyə cəlb edilməsini, şirkət tərəfindən təşkil olunan və ya aparılan yerli və beynəlxalq layihələrdə iştirak etməsini, birgə seminarların, kurs və təlimlərin təşkilini, elmi tədbirlərin keçirilməsini əhatə edir.