AzMİU-da imtahanların şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət olunur
Xəbər verdiyimiz kimi, Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) payız semestrinin imtahan sessiyası davam edir. AzMİU-da imtahanlar bir qayda olaraq yazılı və test formasında aparılır, bəzi qabiliyyət tələb edən fənlərdən (Memarlıq fakültəsində) isə qiymətləndirilmə keçirilir. Ali təhsil müəssisəsində tədris prosesi və imtahanların təşkili üzrə bütün məsələlər Elektron Universitet Portalı vasitəsilə nəzarətə götürülür. Bu zaman istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır.
Test üsulu ilə keçirilən imtahanlarda tələbələr insan amili olmadan test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompüterin ekranından görür. Bu məqsədlə universitetdə 2 zal ayrılıb, 170 kompüter tələbələrin ixtiyarına verilib. Gün ərzində 1500-ə yaxın tələbənin imtahan verməsi mümkündür. İmtahanların gedişinə müşahidə kameraları və imtahanlara nəzarət qrupunun əməkdaşları tərəfindən nəzarət olunur.
Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb. Belə ki, imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə rektorun əmriylə universitetin müəllimlərindən, əməkdaşlarından ibarət işçi qrup formalaşdırılıb. Yazılı imtahanlar başa çatdıqdan yazılı imtahanların yoxlanılması üçün ayrılmış xüsusi otaqda imtahan vərəqləri şifrələnir, kodlaşdırılır. Hər gün 40-a yaxın qrup üzrə işlər şifrələndikdən sonra qiymətləndirmə üçün ekspertlərə təqdim olunur. Hər günün sonunda isə istər yazılı, istərsə də test imtahanlarının nəticələri universitetin elektron portalında, tələbə kabinetlərində yerləşdirilir. İmtahandan aldığı qiymətlə razılaşmayan tələbələr fakültələr və universitet üzrə yaradılmış münaqişə komissiyalarına, həmçinin İmtahan qərargahına müraciət edirlər.
Eyni zamanda imtahanların idarə olunması üçün gənc müəllimlərdən və tədris-köməkçi heyətdən ibarət Nəzarət qrupu yaradılıb. Bundan başqa, bütün tədris binalarında müraciət və təkliflər qutuları asılıb. Universitetin rektoru şəxsən özü imtahan prosesini müşahidə edir, tələbələrin onlayn qaydada etdikləri müraciətlərə baxır və müvafiq tapşırıqlarını verir.