AzMİU-da Elmi Şuranın son iclası keçirilib    


            Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının son iclası keçirilib. Elmi Şuranın sədri, universitetin rektoru, professor Gülçöhrə Məmmədova şura üzvlərini salamlayaraq iclasın gündəliyində duran məsələlərlə tanış edib. 
           Gündəliyə keçməzdən əvvəl bu günlərdə dünyasını dəyişmiş Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının professoru Tofiq Abdullayevin xatirəsi birdəqiqəlik sükutla yad olunub. Rektor Tofiq müəllimin həyat yoluna qısa nəzər salıb, onun universitetin inkişafı üçün gördüyü işlərdən danışıb, professorun işıqlı xatirəsinin həmişə yaddaşlarda qalacağını vurğulayıb. 
           Gündəlikdə duran ilk məsələ “Təhsilin praktiki hissəsinin gücləndirilməsi üçün həyata keçirilən fəaliyyət və qarşıda duran vəzifələr” mövzusunda hesabatla Şuranın Təhsil və elm komissiyasının sədri Sahib Fərzəliyev çıxış edib. Komissiya sədri müasir dövrün tələblərinə və əmək bazarına uyğun mütəxəssis hazırlığı prosesində praktiki dərslərin əhəmiyyətindən danışıb. Sonra o, Şura üzvlərini bütün fakültələr üzrə praktik dərslərin təşkilinə dair keçirdikləri monitorinqin nəticələri ilə tanış edib. Ortaya çıxan nöqsanlar və çatışmazlıqlarla bağlı verilən məlumatlar ətrafında geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib.  
           Universitetin Tədris işləri üzrə prorektoru Akif Qasımov Payız semestrinin imtahan sessiyasının təşkili, imtahanların obyektiv və şəffaf keçirilməsi üçün görülən işlər barədə məlumat verib. Prorektor bildirib ki, payız semestrinin imtahan sessiyası əyani formada təşkil olunacaq və sessiyaya hazırlığın vəziyyəti qənaətbəxşdir. Əyani təhsilalma forması üzrə imtahanlar 05.01.2022-ci il tarixində başlayıb 02.02.2022-ci il tarixində bitəcək. İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək məqsədi ilə Operativ Qərargah yaradılıb. O, fakültə dekanlarını və kafedra müdirlərini qarşıdakı imtahan sessiyasında daha məsuliyyətli olmağa, üzərlərinə düşən vəzifələri operativ yerinə yetirməyə çağırıb. 
           Elmi Şurada digər cari məsələlərə də baxılıb və müzakirə edilən məsələlər barədə müvafiq qərarlar qəbul edilib.
           İclası yekunlaşdıran rektor G.Məmmədova qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni- 2022 ci il münasibətilə Şura üzvlərini təbrik edərək xoş arzularını bildirib.

10-01-2022
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]