AzMİU-da Prezident İlham Əliyevin  60 illik yubileyinə həsr olunmuş konfrans keçirilib


           Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ölkə Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş  “Böyük qələbəmizin memarı”  mövzusunda konfrans keçirilib. Tədbirdə Universitetin professor-müəllim heyəti və tələbələri ilə yanaşı, millət vəkilləri - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov,  Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov da iştirak edib. Dövlət himninin səslənməsi ilə başlayan konfransda torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. 
          Tədbiri giriş nitqi ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova konfrans iştirakçılarını salamlayıb, universitetin kollektivi adından ölkə başçısını yubileyi münasibəti ilə təbrik edib, ona cansağlığı, uzun ömür, çətin və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Rektor vurğulayıb ki, Azərbaycanın XXI əsrdə qazandığı möhtəşəm uğurlar məhz İlham Əliyevin adı ilə bağlıdır. Hakimiyyətdə olduğu 18 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçib, bütün sahələrdə parlaq nailiyyətlər əldə edilib. “Düz 1 il bundan əvvəl 44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi qələbəmiz isə bu nailiyyətlərin ən yüksək zirvəsi oldu. Bu gün Azərbaycan xalqının böyük qürur hissi ilə qeyd etdiyi Qələbəmizin baş qəhrəmanı, memarı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir”.  Xalqımızın hər zaman Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi sıx birləşdiyini deyən rektor  fikrini belə yekunlaşdırıb: “Xalq-iqtidar birliyi, güclü milli həmrəylik ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir”.
          Millət vəkili Musa Quliyev konfransın əlamətdar bir gündə keçirildiyini qeyd edib, dövlət başçısının hakimiyyətdə olduğu 18 illik tarixə qısa nəzər salıb, İlham Əliyevin həyata keçirdiyi siyasətin ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini təmin etdiyini bildirib. “Qarabağ uğrunda zəfər salnaməsi, tariximizin parlaq səhifəsi olan böyük Qələbəmiz Ali Baş Komandan İlham Əliyevin qələbə əzminin, sarsılmaz iradəsinin, qətiyyətinin təcəssümüdür.
           Milli Məclisin üzvü Sadiq Qurbanov çıxışında son 18 ildə Azərbaycanın daxili və xarici siyasətdə qazandığı uğurların ümummilli lider Heydər Əliyevin siyasi kursunun, Azərbaycan dövlətçiliyinin etibarlı əllərdə olmasına dəlalət etdiyinə diqqət çəkib. O əminliklə vurğulayıb ki, İlham Əliyevin müəllifi olduğu inkişaf modeli Azərbaycan xalqını xoş gələcəyə aparan nurlu yoldur. “İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qarşıdakı illərdə də dinamik inkişafı davam edəcək, işğaldan azad olunmuş torpaqlaımız çiçəklənəcək”.
            Parlamentin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov da Prezident İlham Əliyevin  Azərbaycan gənclərini daim diqqət mərkəzində saxladığını, hər zaman bütün sahələrdə gənclərə önəm verdiyini, onları dəstəklədiyini vurğulayıb. Azərbaycan gənclərinin 44 günlük Vətən müharibəsində göstərdiyi böyük qəhrəmanlıqları xatırldan deputat  Prezidentin onların Vətən uğrunda fədakarlıqlarını yüksək qiymətləndirdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. 
           Konfransın sonunda AzMİU-nun professor-müəllim heyəti və tələbələri adından  Prezidentə ünvanlanan təbrik məktubu oxunub. 

29-12-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]