AzMİU-nun rektoru Ankarada ezamiyyətdə olub
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova Türkiyə Respublikasında ezamiyyətdə olub. Səfər çərçivəsində AzMİU rektoru qardaş ölkənin nüfuzlu universitetlərində işgüzar görüşlərdə iştirak edib, ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. Görüşlər zamanı AzMİU ilə türk universitetləri arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi, hər iki tərəf üçün faydalı olması istiqamətində yeni hədəflər müzakirə olunub.
Ankara Universitetinin rektoru, professor doktor Necdet Ünüvarla görüşdə bu günlərdə AzMİU və Ankara Universiteti arasında bağlanmış Əməkdaşlıq müqaviləsinin perspektivlərinə toxunulub, qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün görüləcək işlərdən danışılıb, gələcəkdə ikili diplom layihələrinin həyata keçirilməsinin mümkünlüyü müzakirə olunub.
Hacettepe Universitetinin rektoru, professor doktor Mehmet Cahit Güranla görüşdə də rektorlar ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün gələcəkdə hansı istiqamətlərdə işlər apara biləcəklərini birgə müzakirə ediblər. Gülçöhrə Məmmədova Türkiyə universitetləri ilə AzMİU arasında qarşılıqlı və faydalı əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb. Görüş AzMİU və sözügedən ali məktəb arasında təhsil sahəsində əlaqələrin gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi, iki universitet arasında müəllim-tələbə mübadiləsi, kitab, elmi nəşrlər və oxşar materialların qarşılıqlı mübadiləsi, birgə tədqiqat layihələri və elmi yığıncaqların keçirilməsi, elm və digər sahələr üzrə əməkdaşlıqla bağlı fikir mübadiləsi ilə davam edib.