Bu gün ümummilli lider Heydər Əliyevin anım günüdür
Xalqımızın ümummilli lideri, millətinin adını həmişə uca tutmağı bacaran, həyatının hər anı xalqının taleyinə bağlı olan, müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin bu gün anım günüdür. Ulu öndərin vəfatından bu gün 18 il keçir. Heydər Əliyev Azərbaycan tarixində yeganə şəxsiyyətdir ki, onun anım günü öz tarixi önəminə görə ümumxalq hüznünə çevrilib. Çünki Heydər Əliyev Azərbaycan xalqının tarixində dərin iz qoyub, onun keçmişini yaşadıb, gələcəyini müəyyən edib. Azərbaycanın tarixində dönüş yaradaraq, ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru yönləndirib, müstəqil və müasir Azərbaycan dövlətini qurub, ölkəmizi bütün dünyaya tanıdıb, bayrağımızı sərhədlərimizdən uzaqlarda ali məclislərdə dalğalandırıb. Ulu öndər zaman-zaman qəbul etdiyi tarixi qərarları ilə, keçmişin və yaşadığı dövrün reallıqlarını nəzərə alaraq mümkün olanı, hətta ondan da artığını, yəni mümkün olmayanı da etməklə xalqın sevgisini, rəğbətini, hörmətini qazanıb.
Bütün dünya azərbaycanlıları gözəl işləri, xeyirxah əməlləri, müdrik ideyalarıyla xalqın və dövlətin gələcəyinə işıq salan dahi rəhbərin anım gününü, onun əziz xatirəsini həmişə böyük hörmətlə yad edir. Bütün həyatını sədaqətlə xalqa xidmətə həsr edən, öz fəaliyyətində həmişə xalqa arxalanan, ən çətin anlarda xalqına güvənib ona üz tutan ulu öndərin anım günü hər il olduğu kimi bu il də böyük ehtiramla qeyd olunur. Dekabrın 12-i səhər saatlarından başlayaraq insanlar dəstə-dəstə ulu öndərin uyuduğu Fəxri Xiyabana axın edir, nəcib və uzaqgörən liderini xatırlayır, ona sevgi və hörmətini bildirir. Böyük izdiham seli xalqın mənəvi dəyərinə, ümid və and yerinə çevrilməklə əbədiyyətə qovuşan Heydər Əliyevin məzarını ziyarət edir, məzarına gül-çiçək dəstələri qoyurlar.
Biz əminik ki, bu gün Heydər Əliyevin ruhu şaddır – memarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü 30 ildən sonra məhz onun varisi, onun ideyalarını, yarımçıq qalmış planlarını qətiyyətıə reallaşdıran Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən bərpa olunub. Həsrətini çəkdiyimiz cənnət torpaqlarımız, Qarabağımız əbədi azdlığına qovuşub, bu gün Azərbaycan bayrağı əzəli torpaqlarımızda, müqəddəs Şuşa şəhərində dalğalanır.