“Dəniz daşımaları və liman logistikası” adlı təlimi uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub
Bu gün Azərbaycan Memarlıq İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsində Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı (BBDTL) tərəfindən təşkil olunan “Dəniz daşımaları və liman logistikası” adlı təlimi uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub.
Tədbiri giriş sözü ilə açan Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə öncə BBDTL-nin əməkdaşlarına universitet rəhbərliyinin təşəkkürünü çatdırıb, 5 günlük təlimin tələbələrimiz üçün çox faydalı və uğurlu keçdiyini qeyd edib. E.Yusifzadə ümidvar olduğunu bildirib ki, ikitərəfli əlaqələr mütəmadi və davamlı olacaq.
Təlimin təşkili üçün universitet adından BBTL-nin rəhbərliyinə minnətdarlıq edən Tədris işləri üzrə prorektor Akif Qasımov bu cür təlimlərin tələbələrin universitetdə qazandıqları nəzəri biliklərinin praktikada möhkəmləndirilməsi baxımından önəmli olduğunu vurğulayıb. Tədbirdə çıxış edən BBTL-nin Təlim mərkəzinin direktoru Orxan Adıgözəlov və aparıcı mütəxəssis Nicat Şabanlı belə layihələrin gələcəkdə də davam etdiriləcəyini planlaşdırdıqlarını diqqətə çatdırıb.
Çıxışlardan sonra sertifikatların təqdimolunma mərasimi keçirilib. Onu da qeyd edək ki, sertifikatlar təlimin attestasiyasından müvəffəqiyyətlə keçənlərə verilir.
Görüşdə BBDTL-nin Yük terminalının müdiri Elxan Babayev və Liman əməliyyatları departamentinin nəzarət şöbəsinin rəisi Elmidar Kərimov da iştirak ediblər.