İnşaatda BIM4 texnologiyalarının tətbiqi ilə bağlı təlim keçirilib
BIM4 Azərbaycan şirkətinin əməkdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri üçün “Tikinti sənayesində rəqəmsal transformasiya və BIM inteqrasiyası” giriş və texniki təqdimat mövzusunda seminar keçirib.
Strateji planlaşdırma şöbəsinin və Təcrübə və Karyera Mərkəzinin təşkilatçılığı ilə ərsəyə gələn seminarda North West Construction şirkətinin nümayəndəsi Mehmet Eğilmezer, Nobel oilin nümayəndəsi Caner Üzün, Mustafa Şahingöz və Met Dizayn şirkətinin nümayəndəsi Kevser Duru Gölalmış iştirak edib. Seminar Memarlıq və İnşaat fakültələrinin tələbələri tərəfindən maraqla qarşılanıb.
Universitetin Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva şirkət nümayəndələrini, tələbələri salamlayıb. İnformasiya texnologiyalarının sürətli və dinamik inkişaf dövrü keçdiyini, bütün sahələrə, eləcə də tikinti sahəsinə yeniliklər gətirdiyini qeyd edib. BIM texnologiyalardan istifadə, bu sahədə bilik və bacarıqların əldə olunmasının gələcəyin mütəxəssisləri üçün olan əhəmiyyətinə diqqət çəkib. Bugünki seminarın keçirilməsində əsas məqsədin BIM texnologiyalarının inşaat sektorunda tətbiqi, hazırda BIM-in dünyada yeri, habelə Türkiyədə hansı miqyasda tətbiq olunması və Azərbaycanda bununla bağlı gələcək planlar barədə tələbələrə ətraflı məlumatların verilməsi olduğunu vurğulayıb.
BIM4 Azərbaycan şirkəti -Azərbaycan İnşaat Sektorunun Rəqəmsal Transformasiya Mərkəzi nümayəndəsi Mehmet Eğilmezer geniş və əhatəli çıxışında BIM və onun tikinti sahəsindəki rolundan danışıb. BİM-in binanın tikintisi, təchiz edilməsi, istismarının təmin edilməsi və təmirinə (obyektin həyat siklinin idarə edilməsinə) bir yanaşma olduğunu, ümumi inşaat prosesi zamanı bütün mühüm məlumatların 3D modelində saxlandığı, istifadə və idarə olunduğu kompleks bir həll olduğunu söyləyib.
Mustafa Şahingöz tikinti sənayesinin rəqəmsal transformasiyası haqda iştirakçılara geniş məlumat verib.
Daha sonra seminara Kevser Duru Gölalmış öz çıxışı ilə davam edib. BIM texnologiyasının inşaatda tətbiqinin daha az vaxt sərfi ilə yüksək nəticələrin əldə edilməsinə gətirib çıxardığını vurğulayıb, BIM səviyyələri, tətbiq ölçüləri, LOD (Level of Developed) və digər məqamlar haqda məlumat verib.
BIM texnologiyaları əsasında inşa olunan tikinti obyektlərinin rəqəmsal eskiz layihələri iştirakçılara nümayiş olunub.
Zoom platforması üzərindən BIM Türkiyə heyətinin nümayəndələri ilə video konfrans qurulub. Ertuğrul Aksoy və Büşra Öztürk BIM-in Türkiyə miqyasında tətbiqindən danışıblar.
Fəal diskussiya şəraitində keçən seminarın sonunda tələbələrin çoxsaylı sualları BIM4 Azərbaycan nümayəndə heyəti tərəfindən cavablandırılıb, həmçinin mövzu ətrafında fikir mübadiləsi aparılıb.