AzMİU-nun Nəqliyyat fakültəsində "Liman lojistikası və dəniz daşımaları" mövzusunda təlimlərə start verilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsində yeni açılmış "Lojistika və nəqliyyat texnologiyaları" ixtisasında təhsil alan tələbələr üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (BBDTL) tərəfindən təşkil olunan "Liman lojistikası və dəniz daşımaları" adlı 5 günlük təlimə start verilib.
Təlimin açılışında çıxış edən Universitetin Tədris işləri üzrə prorektoru Akif Qasımov, Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə təlimin təşkili və keçirilməsi üçün BBDTL-in rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildiriblər, tələbələri isə yaradılan fürsətdən yetərli yararlanmağa, lojistika ilə bağlı onları maraqlandıran bütün suallara peşəkardan cavablar almağa səsləyiblər.
Tədbirdə çıxış edən BBDTL-nin Təlim Mərkəzinin direktoru Orxan Adıgözəlov tələbələrin bütün dönəmlərdə aktual olan lojistika ixtisasını seçmələrini yüksək dəyərləndirərək onlara təlimlərdə uğurlar arzulayıb.
5 gün davam edəcək təlim çərçivəsində limana bir günlük səfər təşkil olunacaq, tələbələr keçirilən mövzuları canlı şəkildə izləmək imkanı əldə edəcəklər. Təlimin sonunda attestasiyadan müvəffəqiyyətlə keçənlər sertifikatla təltif olunacaqlar.
Təlimi BBDTL-nin Yük terminalının müdiri Elxan Babayev, Liman əməliyyatları departamentinin müdiri Elmidar Kərimov, Təlim Mərkəzinin direktoru Orxan Adıgözəlov, Satış və marketinq şöbəsinin böyük mütəxəssisi Nicat Şabanlı aparacaqlar.
Təlimin ilk günündə maraqlı mövzulara toxunan N.Şabanlı dəniz yolu ilə dünyada və Azərbaycanda yükdaşımaların tarixindən, dünya limanları və Bakı limanından, gəmilərin bölgüsündən, dəniz daşımalarını tənzimləyən beynəlxalq konvensiya, saziş və qaydalardan danışıb, tələbələri maraqlandıran sualları cavablandırıb.