AzMİU-nun kollektivi İnşaat fakültəsinin şəhid məzununun məzarını ziyarət edib        

         Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)  İnşaat fakültəsinin dekanlığının təşəbbüsü ilə tələbələr fakültənin şəhid məzunu Zaur Dövlətovun II Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Ziyarətdə fakültənin dekan müavinləri Nazim Cəfərov, Tural Əliyev, İnşaat konstruksiyaları kafedrasının müdiri Müxlis Hacıyev, universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov iştirak ediblər. 
         Universitetin kollektivi torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş bütün qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, unudulmaz xatirələrini hörmət və ehtiramla anıblar. Sonra şəhid məzunumuz Rafiq Heydərovun məzarı üzərinə əklil qoyublar, ruhuna dualar oxuyublar.  
          Xatırladaq ki, Zaur Zahir oğlu Dövlətov 1995-ci il martın 9-da anadan olub. AzMİU-nun İnşaat fakültəsinin 203r qrupunu bitirib. 2-ci Qarabağ müharibəsinə könüllü olaraq qatılıb. Füzuli, Hadrut, Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Zaur Dövlətov ölümündən sonra  “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

20-11-2021