AzMİU-da Zəfər Günü qeyd olunub
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 8 Noyabr - Zəfər Günü ilə əlaqədar tədbir keçirib. Tədbirdə universitetin rektorluğu, professor-müəllim heyəti, Vətən müharibəsi qaziləri olan tələbələrimiz və şəhid ailələri iştirak ediblər. Tədbir dövlət himninin səsləndirilməsiylə başlayıb, sonra iştirakçılar şəhidlərin xatirəsini əbədiləşdirən Şəhidlər guşəsində Vətən müharibəsi şəhidlərinin adlarının həkk olunduğu mərmər lövhənin üzərinə tər güllər qoyub, xatirələrini anıblar.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova Zəfər Günü münasibəti ilə xalqımızı təbrik edib, bildirib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsidir. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Rektor Universitetin tələbə və məzunlarının Vətən müharibəsində iştirak etdiyini, 24 gəncin şəhid olduğunu deyib, Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyib. Daha sonra rektor yenilənən Şəhidlər Guşəsi barədə məlumat verib, qeyd edib ki, Birinci Qarabağ müharibəsində, 20 yanvar faciəsində şəhid olan tələbələrimiz və əməkdaşlarımızın xatirəsini əbədiləşdirən Guşə yenilənib, Vətən müharibəsi şəhidərinin adları da yeni lövhədə əks olunub. “İstəyirik ki, gənclərimiz bu qəhrəman tələbələrimizi tanısınlar, onların xatirəsini əziz tutsunlar, onların həyat yolunu özləri üçün məktəb bilsinlər”.
Rektorun çıxışından sonra Şəhid məzunumuz Rauf İbadovun atası Məhərrəm İbadov, kafedra müdiri Sahib Fərzəliyev, qazi tələbəmiz Orxan Məmmədli, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov çıxış ediblər, möhtəşəm Qələbəmizin tarixi əhəmiyyətindən söz açıblar, Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsində keçdiyi şərəfli yolun gənc nəslə çatdırılması istiqamətində görülən işlərə toxunublar.
Tədbir Zəfər Gününə həsr olunmuş sərginin açılışı ilə davam edib. Mərasimin iştirakçıları Universitetin Sərgi salonunda tələbələrimizin Qələbəmizə həsr etdikləri əl işlərindən ibarət sərgi ilə tanış olublar. Ən yaxşı işlərə görə mükafatlandırılan tələbələrə diplomlar və hədiyyələr təqdim olunub. Qeyd edək ki, sərgidə tarixi Zəfəri əks etdirən rəsm əsərləri, zirehli maşınların maketləri, işğaldan azad olunmuş rayonlarımızda abadlıq-quruculuq işlərini əks etdirən eskizər və s. nümayiş olunur.