Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib

            Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 8 noyabr Zəfər Günü ilə əlaqədar “Bu birlik əbədidir” adlı böyük bayram tədbiri keçirilib. Tədbirdə Universitetin rektorluğu, professor-müəllim heyəti, qazi tələbələr iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda canlarından keçmiş Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
           Tədris işləri üzrə prorektoru Akif Qasımov möhtəşəm bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara xoş arzularını bildirib. Prorektor Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qızıl hərflərlə yazdığı tarixə nəzər salıb. Cəmi 44 gün sürən hərbi əməliyyatlar nəticəsində 30 illik Vətən həsrətinə, Qarabağ nisgilinə son qoyan qəhrəman oğullarımızdan danışan A.Qasımov tələbələrə məhz onlardan örnək götürməyi tövsiyə edib. 
          Tədbirin təşkilatçısı, İnşaat-texnologiya fakültəsinin dekanı Tahirə Haqverdiyeva da qələbə münasibəti ilə xalqımızı təbrik edib, Vətən uğrunda canından keçən vətən oğullarına rəhmət diləyib, qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmağı diləyib. O, böyük fəxr hissi ilə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida!” sözləri xalqımızın müqəddəs Vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. Dekan tələbələrin necə böyük coşğu və həvəslə bu tədbirə hazırlaşdıqlarını vurğulayıb, millət üçün, xalq üçün həssas məqamlarda həmişə bu cür  vətənpərvərlik nümayiş etdirmələrini arzulayıb. 
           Tədbir tələbələrin hazırladıqları maraqlı kompozisiyalar, musiqi nömrələri, sazda və gitarada yaddaqalan, təsirli ifalarla davam edib. Tədbirdə Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlıqları ilə bağlı tələbələrin hazırladıqları videoçarxlar nümayiş olunub.
 

15-11-2021