Noyabrın ilk günlərində şəhid olan tələbə və məzunlarımızı hörmətlə anırıq!
İSMAYIL KƏRİMLİ
İsmayıl Ceyhun oğlu Kərimli 1997-ci il oktyabrın 10-da Bakı şəhərində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin 325r qrupunun məzunu olub. 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Vətən müharibəsi başlayan zaman könüllü orduya yazılıb, Hadrut, Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Noyabrın 3-də Daşaltı istiqamətində döyüş yoldaşlarını xilas edən zaman ağır yaralanıb və şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə İsmayıl Kərimli ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
OSMAN CƏFƏROV
Osman Elsever oğlu Cəfərov 1998-ci il iyunun 17-də İmişli rayonunun 32- lər kəndində anadan olub. 2016-ci ildə Azərbaycan Memarlıq və İnşaaat Universitetinin Tikinti-iqtisad fakültəsinin 746a3 qrupunda təhsil alıb. Vətən müharibəsi başlayanda digər İgid Azərbaycan oğulları kimi torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılıb, Cəbrayıl və Qubadlının alınmasında iştirak edib. Noyabr ayının 4-də Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə", “Laçının azad olunmasına görə”medalları ilə təltif edilib.
QOŞQAR ÖMƏROV
Qoşqar Səxavət oğlu Ömərov 1994-cü il fevralın 9-da Kürdəmir rayonunun Şilyan (Qarasu) kəndində anadan olub. 2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-informatika fakültəsinə daxil olub. 2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnformasiya texnologiyaları ixtisası üzrə magistraturaya daxil olsa da, hərbi xidmətə yola düşüb. 2016-2018-ci illərdə magistr təhsili alıb. 2018-ci ildə Masazır kənd 5 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.
Vətən müharibəsi başlayanda Ordu sıralarına daxil olub. 27 sentyabrda Füzuli cəbhəsindən müharibəyə qatılıb, döyüşlərdə xüsusi fəallığı və igidliyi ilə seçilib. Noyabrın 4-də Şuşanın Daşaltı kəndi ətrafında gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Qoşqar Ömərov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.