AzMİU-nun məzunu, Vətən müharibəsi şəhidi Nurlan Zeynalovun ailə üzvləri ilə görüş keçirilib
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova universitetin şəhid məzunu Nurlan Zeynalovun valideynləri ilə görüşüb.
Görüşdə rektor şəhidin ailə üzvlərinə başsağlığı verib, onlara səbir diləyib. Qeyd edib ki, Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının qəlbində daim yaşayacaq, əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirəsi hər zaman ehtiramla yad olunacaq. “Universitetdə Birinci Qarabağ müharibəsi, 20 yanvar faciəsi şəhidlərinin xatirəsini əbədiləşdirən Şəhidlər guşəsi var idi. İndi onu yeniləyirik, daha böyük ölçüdə yeni formatda hazırlayırıq, Vətən mühribəsində həlak olan tələbə və məzunlarımızın da adları ora əlavə olunacaq. Biz də çalışırıq ki, şəhidlərimiz unudulmasın, hər bir tələbəmiz onları tanısın, onlardan örnək götürsün, Vətəni onlar kimi sevib qorumağı bacarsınlar”.
Rektorla görüşdən sonra şəhidin ailə üzvləri Universitetin Tarix muzeyində 44 günlük Vətən müharibəsinə həsr edilmiş sərgi ilə tanış olublar.
Xatırladaq ki, Nurlan Rafael oğlu Zeynalov AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin 357a1 qrupunu bitirmişdi. Ehtiyatda olan zabit kimi Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin institutlarının birində kadr şöbəsinə müdir təyin olunmuşdu.
Vətən müharibəsi başlayanda baş leytenant kimi Gəncədəki hərbi hissələrdən birinə rota komandiri təyin olunmuşdu. Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralansa da, yenidən cəbhəyə yollanan Nurlan can atır. Bu dəfə o, Xocavənd uğrunda gedən döyüşlərdə rota kamandiri kimi noyabrın 9-da Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu.
Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Nurlan Zeynalov ölümündən sonra “İgidliyə görə”, “Vətən Uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.