Saray qəsəbəsində AzMİU-nun şəhid məzununun xatirə bulağı açılıb



     Oktyabrın 30-da Abşeron rayonunun Saray qəsəbəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) məzunu, Vətən müharibəsi şəhidi Rauf  İbadovun adına inşa edilən xatirə bulağının açılışı olub. Qeyd edək ki, xatirə bulağı şəhidin adını daşıdığı küçədə inşa edilib.
     Rauf İbadovun fotoşəkillərinin də yer aldığı bulağın açılışında şəhidimizin ailə üzvləri, rayon rəsmiləri, din xadimləri, kənd sakinləri, qazilər, döyüş yoldaşları, AzMİU-nun əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
     Xatirə bulağının açılışında Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək bildirib ki, Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə gənclərimizin qəhrəmanlığı Azərbaycan xalqının böyüklüyünü, müdrikliyini göstərir. Əsrlər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıqla yad edəcəklər. 
     Mərasimdə çıxış edən AzMİU-nun İnşaat-texnologiya fakültəsinin dekanı Tahirə Haqverdiyeva da Rauf İbadov haqqında öz xatirələrini tədbir işrirakçıları ilə bölüşdü. Onun nümunəvi, vətənpərvər tələbə olduğunu diqqətə çatdırdı.  
     Çıxışlarda universitetimizin tələbəsi Nüsrət Fərəcov şəhidlər haqqında şeir səsləndirdi.
     Məlumat üçün onu da qeyd edək ki, Rauf İbadov AzMİU-nun İnşaat-texnologiya fakültəsinin məzunu olub. Vətən müharibəsi başlayanda digər qəhrəman oğullarımız kimi, o da könüllü cəbhəyə yollanıb. Cəbrayıl, Füzuli, Hadrut və Qubadlı uğurunda gedən döyüşlərdə fəal iştirak edib və Laçın dəhlizi ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. O, Vətən qarşısında xidmətlərinə görə, ölkə başçımızın Sərəncamı ilə "Vətən Uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və Fəxri Fərmanla təltif olunub. 

05-11-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]