Nəqliyyat fakültəsinin tələbələri Fəxri xiyabanı ziyarət ediblər
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültsinin dekanlığının təşəbbüsü ilə tələbələr fakültənin şəhid məzunu Rafiq Heydərovun II Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Ziyarətdə fakültənin dekanı Elçin Yusifzadə, dekan müavini Etibar Quliyev, universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov, Tarix muzeyinin direktoru Gülmira Məmmədova iştirak ediblər.
Tələbələr ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş bütün qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, unudulmaz xatirələrini hörmət və ehtiramla anıblar. Sonra şəhid məzunumuz Rafiq Heydərovun məzarı üzərinə qərənfillər düzüblər, ruhuna dualar oxuyublar.
Xatırladaq ki, Rafiq Rahim oğlu Heydərov 1995-ci il iyul ayının 1-də Bakı şəhərində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin məzunu olub. Universiteti bitirdikdən sonra “ASK Ayaqqabı Fabriki” MMC-də işə başlayıb. 29 sentyabrda səfərbərliyə çağrılıb. Füzuli, Hadrut, Cəbrayıl, Xocavənd istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Oktyabrın 14-də Füzuli-Cəbrayıl azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə yüksəlib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Rafiq Heydərov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.