Oktyabrda şəhid olan tələbə və məzunlarımızı hörmətlə anırıq!
ELTAC ƏLİZADƏ
Eltac İsmayil oğlu Əlizadə 15 oktyabr 1996-cı ildə Tovuzda anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin 484a qrup məzunu olub. Hərbi xidməti bitirdikdən sonra “Kristal Abseron” tikinti şirkətində mühafizəçi kimi fəaliyyətə başlayıb. Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı baş verdikdən sonra könüllü orduya yazılıb. Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olub, sərrast pulemyotçu kimi cəbhənin müxtəlif istiqamətlərində düşmənə ağır zərbələr endirib. Füzuli, Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşüb 27 oktyabr 2020-ci ildə şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə “Döyüşdə fərqlənməyə görə”, "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
ELSƏVƏR ƏHƏDZADƏ
Elsevər Ağacan oğlu Əhədzadə 1995-ci il iyun ayının 3-də Bakı şəhərində anadan olub. 2012-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat-texnologiya fakültəsinin Tikinti materialları və məmulatlarının texnologiyası ixtisasına qəbul olub. 2016-cı ildə AzMİU-nu bitirən Elsevər hərbi xidmətə yollanır. Tovuz rayonu Əlibəyli kəndində N saylı hərbi hissədə xidmət edir. Vətən müharibəsi başlayanda bir çox vətənpərvər gəncimiz kimi könüllü müharibəyə yollanır. Döyüş yolu Füzulidən başlayır, Füzulinin kəndləri, strateji yüksəklikləri istiqamətindəə olan döyüşlərdə iştirak edib. Oktyabrın 24-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
RAUF İBADOV
Rauf Məhərrəm oğlu İbadov 4 may 1996-cı ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat-texnologiya fakültəsinin 673a qrupunda oxuyub. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2020-ci ilin iyulunda Tovuz döyüşləri zamanı Hərbi Komisarlıqda könüllü olaraq qeydiyyata düşüb. Oktyabrın 7-də cəbhəyə yola düşüb, ilk gündən Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı cəbhələrində böyük qəhrəmanlıq göstərib. Oktyabrın 23-də Laçın dəhlizi ərazisində gedən döyüşlərdə qəhramancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən Uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzilinin azad olunmasına görə" medalları və Fəxri Fərmanla təltif olunub.