AzMİU-da təhsil alan əcnəbi tələbələr Hərbi Qənimətlər Parkında olublar


           Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 1-ci kursda təhsil alan əcnəbi tələbələr Qənimətlər Parkında olublar. 
          Əcnəbi tələbələrin təhsili üzrə dekanlığın təşəbbüsü ilə baş tutan səfərdə müxtəlif ölkələrdən olan gənclər 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülən hərbi texnika, ermənilərin qoyub qaçdığı atıcı silahlar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursatlarla yaxından tanış olublar. Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də tələbələrin marağına səbəb olub. 
          Qeyd edək ki, Hərbi Qənimətlər Parkında İkinci Qarabağ müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.


 

 

 

05-11-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]