AzMİU-da “Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESİAC2021” mövzusunda onlayn Beynəlxalq elmi-praktik konfrans  keçirilib


         20 oktyabrda  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin bilavasitə təşkilatçılığı ilə “Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar  ESİAC 2021” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. 
          Konfransın plenar iclasında yerli universitet və təşkilatlarla bərabər, 8 xarici ölkənin (Türkiyə, Danimarka, İspaniya, Norveç, Almaniya, Ukrayna, Belorus və Gürcüstan) dünyada tanınmış elm adamları da qoşulublar. Konfransa Türkiyənin Qazi Universitetinin professoru M. Cengiz Taplamaçıoglu aparıcılıq edib. 
Konfransı giriş sözü ilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açaraq, müzakirə olunacaq məsələlərin bəşəriyyəti narahat edən əsas problemlərdən biri olduğunu, xüsusən bizim respublikamız üçün böyük önəm daşıdığını vurğulayıb. Rektor qeyd edib ki, cənab prezident İlham Əliyevin dəmir iradəsi, səhidlərimizin qanı bahasına, qazilərimizin şücaəti hesabına 30 illik əsarətdən xilas olan Qarabağda inşa ediləcək “ağıllı” kəndlərin və qəsəbələrin tikintisində qeyd olunan texnologiyalardan istifadə etmək üçün zəmin yaranıb. 
          Daha sonra Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru, professor R.M.Kulikov, Y.Kondratyuk adına Poltava Politexnik Milli Universitetinin rektoru, professor V.A.Onişenko və “Azəristiliktəchizat” ASC-nin sədr müavini, . İ.Mirzəliyev konfransı salamlayıb və işinə müvəffəqiyyətlər arzulayıblar. 
Plenar iclasda AzMİU-nun professoru R.İskəndərov, Y.Kondratyuk adına Poltava Milli Texniki Universitetinin professoru E.Filonenko və “Schneider Electric Azerbaijan” firmasının mühəndisi E.Rüstəmzadənin ağıllı şəhərlər, enerji səmərəliliyi, “yaşıl” və innovativ texnologiyalara aid məruzələri dinlənilib. Məruzələr konfransda iştirak edənlərin böyük marağına səbəb olub, mövzular ətrafında geniş müzakirələr aparılıb. 
          Konfransa Ukrayna universitetlərindən, eləcə də yerli universitet və elmi təşkilatlardan 80-dən artıq məqalə təqdim olunub. Konfrans öz işini bölmələr üzrə davam etdirib. 

01-11-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]