AzMİU-nun tələbəsi “Azərbaycan 500 ASAN Startap Proqramı”nı uğurla bitirib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı və “PAŞA Holdinq”in baş sponsorluğu ilə həyata keçirilən “Azərbaycan 500 ASAN Startap Proqramı”nın yekun mərhələsinə keçmiş 10 startap komandasının üzvlərinə sertifikatların təqdim olunması mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov, digər ekosistem nümayəndələri, həmçinin “Tinyworks”, “Uniquality”, “Medicall”, “Skaut”, “Taskilled”, “ReTripStore”, “Rihand”, “Talant.az”, “E-Book platform” və “QMS” startaplarının komanda üzvləri iştirak ediblər.
Görüşdə iştirakçıların öz startaplarının bundan sonrakı fəaliyyəti ilə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
Sonra “Azərbaycan 500 ASAN Startap Proqramı”nın yekun mərhələsinə keçmiş 10 startap komandasının üzvlərinə sertifikatlar təqdim olunub.
“Azərbaycan 500 ASAN Startap Proqramı”nın məqsədi ölkəmizdə potensial startap qurucuları arasında innovativ sahibkarlığa həvəs və implus yaratmağa kömək etmək, yeni startapların qurulmasını sürətləndirmək idi.