SOCAR Ödənişli istehsalat təcrübəsi proqramını AzMİU tələbələrinə təqdim edib 


     Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) SOCAR-ın Ödənişli istehsalat təcrübəsi proqramı ilə bağlı görüş keçirilib. Görüşdə SOCAR-ın İnsan Resursları Departamentinin İşə qəbul və yerləşdirmə şöbəsinin rəisi Cavid Umbayev, rəis müavini Həmid İsrafilov, aparıcı mütəxəssisi Rəvan Zeynalov, Kapital qoyuluşları idarəsinin böyük mühəndisi Muxtar Hacıyev, AzMİU-nun Təcrübə və Karyera Mərkəzinin müdiri Xanlar Qəniyev, dekanlar, son illərin məzunları və magistratura səviyyəsinin tələbələri iştirak ediblər. 
     Görüşü giriş nitqi ilə açan AZMİU-nun Təcrübə və Karyera Mərkəzinin müdiri Xanlar Qəniyev, SOCAR rəhbərliyinin, müəssisə və idarələrinin universitetin tələbə və məzunlarına həmişə diqqət və qayğısı olduğunu qeyd edib,  belə bir sıx əməkdaşlığımız üçün SOCAR-ın rəhbərliyinə və görüşdə iştirak edən heyətə dərin minnətdarlığını bildirib. 
     SOCAR-ın İnsan resursları departamentinin işə qəbul və yerləşdirmə şöbəsinin rəisi Cavid Umbayev görüşün təşkili üçün Universitet rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib. O, SOCAR-da tətbiq olunan daxili və xarici təqaüd proqramları, peşə hazırlıqları, mütəmadi təşkil olunan ödənişli və ödənişsiz istehsalat təcrübə proqramları, onların məqsədi, tələbləri, bu günə qədər proqramlar əsasında işə qəbul edilmiş gənc məzun və magistr tələbələr haqqında ətraflı məlumat verib. Çıxışı zamanı C.Umbayev SOCAR-ın gəncləşmə siyasətindən və bu yolda atılan addımlardan da danışıb. 
    SOCAR-ın Kapital qoyuluşları idarəsinin böyük mühəndisi Muxtar Hacıyev də SOCAR-da tətbiq edilən proqramların vacibliyinə, gənclərə dəstəyinə toxunub,  gəncləri bu proqramlardan yararlanmağa dəvət edib. Eyni zamanda, M.Hacıyev özünün də AZMİU məzunu olduğunu və iş təcrübəsində SOCAR-da keçirdiyi karyera yolunun gənclərə nümunə ola biləcəyini vurğulayıb.  

 

22-10-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]