Oktyabrın ilk günlərində şəhid olan tələbə və məzunlarımızı hörmətlə anırıq!


CAVANŞİR  ƏHMƏDOV 
     Cavanşir Xeyrulla oğlu Əhmədov 1999-cu il  noyabrın 12-də  Qaradağ rayonu Ələt qəsəbəsində anadan olub. 2016-cı ildə orta məktəbi bitirərək, İnşaat Kollecində təhsilini davam etdirib. Hərbiyə olan marağı onu atıcılıq kurslarına da yazılmağa sövq edib. 2020-ci ilin iyul ayında isə kolleci mühəndislik ixtisası üzrə bitrərək, hərbi xidmətə yollanıb.
     Müharibə başlayan ilk gündən Xüsusi Təyinatlı Qüvvələrin əsgəri kimi ön cəbhədə vuruşub, Murovdağ zirvəsinin, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin düşməndən azad olunmasında fəal iştirak edib. Xocavənd döyüşlərində iştirak edib və 15 oktyabr tarixində şəhid olub. 
     Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə"  medalları ilə təltif edilib.

RAFİQ  HEYDƏROV 
     Rafiq Rahim oğlu Heydərov 1995-ci il iyul ayının 1-də Bakı şəhərində anadan olub.  Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin məzunu olub. Universiteti bitirdikdən sonra “ASK Ayaqqabı Fabriki” MMC-də işə başlayıb. 29 sentyabrda səfərbərliyə çağrılıb. Füzuli, Hadrut, Cəbrayıl, Xocavənd istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Füzuli-Cəbrayıl azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə yüksəlib.  
     Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Rafiq Heydərov ölümündən sonra “Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 RAFAEL  MAİLOV 
     Rafael İlqar oğlu Mailov 1994-cü il aprelin 16-da  Bakı şəhərində anadan olub. 2012-2016-cı illərdə  Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və informasiya texnologiyaları fakültəsinin 841r qrupunda təhsil alıb.  Könüllü olaraq Vətən müharibəsində iştirak edib. Füzuli və Cəbrayılda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. Oktyabrın 14-də  Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsiznə ucalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Rafael Mailov ölümündən sonra “Vətən uğrunda”  medalı ilə təltif edilib.

 

 

 NAHİD  MƏMMƏDOV 
     Nahid Vahid oğlu Məmmədov 1996-cı il iyunun 11-də Xəzər rayonunun Binə qəsəbəsində anadan olub.  2012-2014-cü illərdə  İnşaat Kollecində təhsil alıb. 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Oktyabrın 14-də Ağdərə istiqamətində şəhid olub. 
     Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Nahid Məmmədov ölümündən sonra Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
 

21-10-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]