Oktyabrın ilk günlərində şəhid olan tələbə və məzunlarımızı hörmətlə anırıq!
RAMİL AĞAYEV
Ramil Ağarəhim oğlu Ağayev 1994-cü il sentyabrın 20-də Sabirabad rayonunda anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin 162a qrupunu bitirib. 2016-cı ildə Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Vətən borcunu layiqli başa vurduqdan sonra Abşeron rayon İcra Hakimiyyətində baş mütəxəssis vəzifəsində çalışıb. Vətən Müharibəsi başlayanda Ramil də digər İgid Azərbaycan oğulları kimi torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılıb. Döyüşlərdə böyük şücaət göstərən Ramil oktyabrın 13-də Hadrut uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Ramil Ağayev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarıı ilə təltif edilib.
KƏNAN HƏSƏNOV
Kanan Elşad oğlu Həsənov 1997-ci ildə sentyabrın 16-da Salyan rayonunun Arxarası kəndində anadan olub. 2014-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika informasiya texnologiyaları fakültəsinin 884a qrupunda oxuyub. 2018-ci ildə hərbi xidmətə yollanıb. 2-ci Qarabağ müharibəsi zamanı çox böyük igidliklər göstərib. Talış kənd, Tapqaraqoyunlu, Suqovuşan və Hadrut uğrunda gedən döyüşlərin birbaşa iştirakçısı olub. 11 oktyabr 2020-ci ildə Suqovuşan istiqamatində erməni postuna hücum zamanı şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Kənan Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
ELNUR ŞİRİNZADƏ
Elnur Xaliqverdi oğlu Şirinzadə 1998-ci il fevralın 10-da Yevlax rayonunda anadan olub. Subbakalavr kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və informasiya texnologiyaları fakültəsinə qəbul olub. Lakin tələbə kimi əmri verilmədən hərbi xidmətə yollanıb. 44 günlük Vətən Müharibəsinə könüllü yollanıb, döyüşlərdə böyük şücaət göstərib. Oktyabrın 12-də Suqovuşan istiqamətində gərgin keçən döyüşdə şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Elnur Şirinzadə ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və "Vətən uğrunda" medalları ilə təltif edilib.