Oktyabrın ilk günlərində şəhid olan tələbə və məzunlarımızı hörmətlə anırıq!

             RAUF İBADOV

          Rauf Məhərrəm oğlu İbadov 4 may 1996-cı ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat-texnologiya fakültəsinin 673a qrupunda oxuyub. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2020-ci ilin iyulunda  Tovuz döyüşləri zamanı Hərbi Komisarlıqda könüllü olaraq qeydiyyata düşüb. Oktyabrın 7-də cəbhəyə yola düşüb,  ilk gündən Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı cəbhələrində böyük qəhrəmanlıq göstərib. Oktyabrın 23-də Laçın dəhlizi ərazisində gedən döyüşlərdə qəhramancasına şəhid olub.

         Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra  "Vətən Uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzilinin azad olunmasına görə" medalları və Fəxri Fərmanla təltif olunub.

 

          SƏMURAL  FƏTƏLİYEV         

         Səmural Ayaz oğlu   Fətəliyev 1997-ci il martın 13-də Qubanın Əlibəyqışlaq kəndində anadan olub. 2014-cü ildə  Azərbaycan Memarlıq  və İnşaat Universitetinin Tikinti-iqtisad fakültəsinin 744a4 qrupunda təhsil alıb. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb, hərbi xidmətdən sonra SOCAR-ın Təhlükəsizlik İdarəsində çalışıb.  Vətən müharibəsi başlayanda könüllü hərbi xidmətə yollanıb.  Füzulinin kəndlərinin və strateji yüksəkliklərinin azad edilməsi istiqamətində böyük şücaətlə vuruşub.  Oktyabrın 5-də əks-hücum əməliyyatlarının birində düşmən mərmisinin partlaması nəticəsində döyüş meydanında şəhadətə yüksəlib.

        Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş komandanı İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”,  “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

              XƏYAL  HƏSƏNOV

          Xəyal Əliyulla oğlu Həsənov 1998-ci il noyabrın 30-da Şabran şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra İnşaat Kollecinə daxil olub. Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı könüllü xidmətə yollanıb.  Xüsusi Təyinatlı Qüvvələrin əsgəri kimi Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Həsənov oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub..

           Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Xəyal Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və  “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif edilib.

       

             ZAHİD  ZAİRLİ

          Zahid Azad oğlu Zairli 2000-ci il mayın 10-da Yardımlı rayonunun Dəlləli kəndində anadan olub. 2015-2019-cu illərdə  İnşaat Kollecində təhsil alıb.  2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

         Snayperçi kimi  Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 8-də Cəbrayıl döyüşlərində əsgər yoldaşlarını xilas edən zaman şəhid olub.

        Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Zahid Zairli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

 

 

16-10-2021