Peşə bayramınız mübarək, əziz memarlar!

Bu gün ən şərəfli və məsuliyyətli, eyni zamanda tələbatlı, qurub-yaratmaq kimi müqəddəs işlə məşğul olan memarlarımızın peşə bayramıdır.  Dünyanın 116 ölkəsində 1 milyon 300 mindən çox memar oktyabr ayının ilk həftəsini  Memarlar günü kimi qeyd edir.

Məlumat üçün qeyd edək ki, Memarlar günü 1949-cu ildə İsveçrənin Lozanna şəhərində təsis olunub və həmin vaxtdan başlayaraq hər il bütün dünyada əlamətdar gün kimi bayram edilir. Ölkəmizdə də oktyabrın ilk həftəsində  memarlar öz peşə bayramlarını böyük qürur və iftixar hissiylə qeyd edirlər. Əməklərinə, çətin və məsuliyyətli işlərinə dəyər verilən bir gündə 6 minə yaxın memar bu bayramın sevincini yaşayır. Bu, bəşər tarixində memar əməyinə göstərilən diqqət və qayğıdır.

Ta qədimdən ev tikmək, el-oba salmaq, körpü inşa etmək, qurmaq-yaratmaq dədə-babalarımızın müqəddəs işi-peşəsi olub. Əcdadlarımız əsrlərin yaşıdı olan qalalar, saraylar, məbədlər, türbələr tikib, istehkamlar qurub, bu günümüzə qədər gəlib çatan körpülər salıblar. Qız qalası, Şirvanşahlar sarayı, Xudafərin körpüsü, Kiş məbədi, Möminə Xatun türbəsi və saymadığımız yüzlərlə tikili memar babalarımızın əl əməyinin məhsuludur. Bu gün ölkəmizin hər qarışı, kəndi, qəsəbəsi, şəhəri zəhmətkeş memarlarımız sayəsində gözəlləşir, abadlaşır. İşğaldan azad olunmuş torpaqlarımızda erməni quldurları tərəfindən dağıdılan memarlıq irsinin bərpasında, viran qalmış yurd yerlərimizdə  görüləcək abadlıq və quruculuq işlərində memarlarımızın rolu danılmaz, əvəzsizdir.

Memarlar günündə peşə bayramını qeyd edən memarlar sırasına Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin tələbələri də qoşulur. Peşə bayramlarını keçirən memarlarla yanaşı, gələcəyin memar və dizaynerlərini yetişdirən bu fakültənin bu gündə öz yeri və payı var. Ölkəmizin adlı-sanlı, öz dəsti-xətti, imzasıyla seçilən tanınmış memarları bir zamanlar məhz AzMİU-nun Memarlıq fakültəsində təhsil alıb, seçdikləri peşənin sirlərinə burada yiyələniblər.

101 yaşlı Memarlıq fakültəsinin yüzlərlə məzununun fədakar əməyinin bəhrəsi olan möhtəşəm tikililər, binalar, obyektlər bu gün təkcə paytaxtımızı deyil, rayon və qəsəbələrimizi bəzəyir, gözümüzü, könlümüzü oxşayır. Gülçöhrə Məmmədova, Elbay Qasımzadə, Nəriman Əliyev, Nərgiz Abdullayeva,  Nİzami Nağıyev, Müfətdin Namazov, Rasim Əliyev, Nəriman İmaməliyev, Nazim Vəliyev kimi tanınmış memarları yetişdirən Memarlıq fakültəsində bu gün də gələcəyin qurucuları, memarları hazırlanır. 4 oktyabr Memarlar günü onların da, onları yetişdirən, üzərlərində zəhməti olan müəllimlərin də bayramı, yaddaqalan günüdür.

Əziz memarlar! Bu bayram günündə sizə ünvanlanan xoş sözlərimiz, təbriklərimiz dəyərli peşənizə verilən kiçik bir ərmağandır. Çətin, məsuliyyətli, gərgin işinizdə sizə bol, tükənməyən enerji, səbr və təmkin, yaradıcılıq axtarışları və uğurları arzulayırıq. Qurun, yaradın, dünyamızı, Vətənimizi gözəlləşdirin! Peşə bayramınız mübarək!

16-10-2021