Yeni tədris ilimiz mübarək!

         Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ölkəmizin digər ali məktəbləri kimi bu gündən etibarən ənənəvi formada yeni dərs ilinə qədəm qoyur. Nəhayət ki, il yarıma qədər bir müddət ərzində COVID-19 pandemiyası səbəbindən tələbələrə, onların, gənclik enerjisi ilə dolub-daşan hay-küyünə həsrət qalan Universitetimiz,  auditoriyalarımız qapılarını tələbələrin üzünə açdı. Bu gün AzMİU-nun 8 fakültəsi birinci kurslarda 1624, toplam isə 9 minə yaxın tələbəsini qəbul etdi.

  Yeni tədris ilimiz təbii ki, ötən illərdən fərqlənəcək, pandemiya şərtlərinə uyğun olaraq tələbələrimiz, həm özlərini, həm də ətrafdakıların sağlamlığını qorumaq üçün yeni qaydalara əməl edəcəklər. Universitet olaraq tələbə və müəllimlərin təhlükəsizliyi üçün müvafiq tədbirlər görülüb, bütün korpular dezinfeksiya olunub, bütün mərtəbələrdə dezinfeksiyedici məhlulla dolu olan qablar divarlarda yerləşdirilib, tələbələri yoxlayan mühafizə postları əlcəklər və istilikölçənlərlə təmin olunub.  Sağlamlığımız, təhlükəsizliyimiz üçün bu qaydalara əməl etmək hər birimizin borcudur.

    Hörmətli müəllimlər, əziz tələbələr!

   Uzun fasilədən sonra əvvəlki axarına düşən tədris ilimiz xeyirli, uğurlu olsun, hər birinizi təbrik edirik, sizə ilk növbədə can sağlığı arzulayırıq! Təhsil həyatında, elmin çətin yollarında uğurlar arzulayırıq!

     Yeni tədris iliniz mübarək!

 

16-10-2021