“27 sentyabr Böyük Qələbəyə 30 il həsrət qalan xalqımızın Zəfər tarixinin başlanğıcıdır!”
Azərbaycan son 2 əsrlik tarixində ilk dəfə müharibədən ərazi itkisi ilə yox, ərazisinin bərpası ilə çıxdı. Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. “Dəmir Yumruq” əməliyyatı adı ilə məşhur olan Vətən müharibəsində vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Adi günlərdən biri kimi yaşayacağımız 2020-ci ilin 27 sentyabrı indi tarixdir – Böyük Qələbəyə 30 il həsrət qalan xalqımızın Zəfər tarixinin başlanğıcıdır.
Düz 30 il rəsmi Bakı keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etməyə çalışsa da, düşmən bu məsələdə həmişə cığallıq etdi, həmişə atəşkəsi pozdu, təxribalarta əl atdı, diversiya ilə məşğul oldu. 30 il ərzində düşmən hər vəchlə və müxtəlif bəhanələrlə münaqişənin sülh yolu ilə danışıqlar çərçivəsində həll olunmasına maneələr yaratdı, danışıqlar dövründə Ermənistanın hərbi-siyasi rəhbərliyinin davranışları, təxribat xarakterli çıxışları, addımları səbr kasamızı daşırdırdı, amma biz hələ də qan tökülməməsini istəyirdik deyə, dözürdük. Ermənistanın baş naziri Nikol Paşinyanın 5 avqust 2019-cu ildə Azərbaycanın əzəli və tarixi torpağı olan Xankəndidə təşkil olunmuş tədbirdəki çıxışında “Qarabağ Ermənistandır və nöqtə” sözlərini deməsi onsuz da tarıma çəkilmiş əsəblərimizi bir az da gərginləşdirdi. Bu bəyanatdan sonra ermənilər 2020-ci il iyulun 12-də Tovuz rayonu istiqamətində hücuma cəhd göstərdi.
İyul hadisələrindən sonra vəziyyətin normallaşması gözlənilsə də, sentyabrda ermənilər yenidən qızışdı, işğal olunmuş ərazilərimizdən yaşayış məntəqələrimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmağa başladı. Azərbaycan öz torpaqlarını hərbi güclə geri almaq yolunu seçdi, çünki reallıq göz önündə idi. Baş verənlər məntiqi ardıcıllıqla bizi Qələbəyə gedən yola ruhlandırdı. Əks-hücum əməliyyatı tapşırığı alan müzəffər ordumuz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə yağı düşmənin düz 30 il işğal altında saxladığı şəhər və rayonlarımızı, kənd və qəsəbələrimizi canı, qanı bahasına bir-bir yağı düşməndən geri aldı. Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarıldı. 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu, düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu, Ermənistan ordusu darmadağın edildi. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.
Qələbə müjdəsi ölkəmizdə körpə uşaqdan tutmuş böyüyə qədər hər birimizi sevindirdi, qürurlandırdı, cəbhədən gələn hər xəbəri sevinc göz yaşları ilə qarşıladıq. Erməni işğalından azad olmuş ərazilərimizin efirlərdə nümayiş olunan videogörüntülərini ürəkağrısıyla izlədik. Doğma torpaqlarımızda daşı daş üstünə qoymayan xain düşmənlərimizin çirkin əməllərini- şəhərləri, kəndləri dağıtmasını, dini və mədəni abidələrimizi talan və məhv etməsini, müsəlman ölkəsi olan Azərbaycanın məscidlərini mal və donuz tövləsinə çevirməsini, bir sözlə, barbar ermənilərin vəhşiliyini bütün dünya gördü.
Bu gün Qarabağdan erməni izləri təmizlənir, kəndlər qəsəbələr salınır, binalar, hava limanları tikilir, yeni yollar çəkilir. Qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş bölgələrimizin inkişafı istiqamətində kifayət qədər nəhəng layihələrin icrasına başlayıb, əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi üçün həmin ərazilərdə artıq abadlıq-quruculuq işlərinə start verilib, regionun iqtisadi potensialından səmərəli istifadə edilərək ən müasir infrastruktur qurulur, imkanlar genişləndirilir. Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə dediyi kimi, “Biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcək”.
Bəli, bu gün qürurla deyirik ki, biz, Dəmir Yumruğu düşmənin başına qətiyyətlə endirən qalib əsgərləri yetişdirən qalib ölkənin vətəndaşlarıyıq.