Azərbaycan tarixinin ən şanlı səhifəsi - 44 gün davam edən Vətən müharibəsi


          Xalqımızın çoxəsrlik tarixi qəhrəmanlıq nümunələri ilə zəngindir. Vətənin igid oğulları heç bir zaman işğal faktı ilə barışmamış, işğalçılara boyun əyməmiş, torpaqlarımızın azadlığı uğrunda ölüm-dirim mübarizəsi aparmışlar. 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi xalqımıza xas olan bu xüsusiyyəti qabarıq şəkildə nümayiş etdirməklə tariximizə ən şanlı, parlaq səhifə kimi daxil oldu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına 2021-ci il avqustun 16-dakı səfəri zamanı qəti şəkildə söyləyib: “İkinci Qarabağ müharibəsi, bir daha demək istəyirəm, tarixi Zəfərimizdir. Azərbaycanın çoxəsrlik tarixində buna bənzər qələbə olmamışdır”.

          Biz müharibə istəmirdik, işğal altında olan torpaqlarımızı danışıqlar yolu ilə azad etməyə çalışırdıq. Prezident İlham Əliyev bu məqsədlə diplomatik kanalların bütün imkanlarından istifadə edirdi. İşğal altında olan Azərbaycan torpaqlarının azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsinin zəruriliyini dönə-dönə xatırladır, himayədar dövlətləri Ermənistanın başına ağıl qoymağa çağırırdı. Həm də xüsusi vurğulayırdı ki, əgər danışıqlar fayda verməsə, biz işğal altında olan torpaqlarımızı başqa vasitələrlə azad edəcəyik. 44 günlük müharibə bu deyilənlərin sadəcə söz olmadığnı aydın şəkildə sübut etdi. Azərbaycan Prezidenti ATƏT-in Minsk qrupunun, digər beynəlxalq qurumların yerinə yetirməli olduğu, lakin diqqətdən kənarda saxladığı bu çox mühüm vəzifəni həll etmək məcburiyyətində qaldı.

          Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru, fəlsəfə elmləri doktoru Əlisa Əhmədov bildirib. Məkrli, arxalı düşmən üzərində qısa müddətdə qazanılan qələbəni şərtləndirən amillərdən danışan alim vurğulayıb ki, ilk növbədə, dövlətimizin başçısı İlham Əliyevin misilsiz xidmətləri xüsusi qeyd edilməlidir. O, hər zaman ordu quruculuğu məsələlərinə xüsusi diqqət yetirib, ordumuzun müasir silahlarla təchiz edilməsi qayğısına qalıb, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi işinə böyük töhfə verib. Vətən müharibəsində döyüşərək ya qazi, ya da şəhid olan igidlərimizin çox böyük əksəriyyəti İlham Əliyevin prezidentliyi dövründə böyüyüb boya-başa çatan, formalaşan gənclərdir. Ölkə başçısının müharibənin gedişində dünyanın müxtəlif informasiya agentliklərinin, qəzet və jurnallarının müxbirlərinə verdiyi müsahibələr də Qarabağ haqqında həqiqətlərin, apardığımız müharibənin haqq işi olmasının dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Prezident İlham Əliyev işğalçılara qarşı intiqam hissi ilə yanan bütün qüvvələri dəmir yumruq halında birləşdirərək düşmənin başına endirməklə müharibənin taleyini həll etdi. Döyüşlərin vaxtında, məqamında başlaması da qələbədə öz sözünü dedi.

          Yeri gəlmişkən, düşmənə qarşı nifrət hissi, birinci Qarabağ müharibəsindəki itkilərimizin qisasını almaq istəyi də Vətən müharibəsindəki qələbəmizi şərtləndirən amillər sırasındadır. Məhz bu amilin, eləcə də güclü vətənpərvərlik hissinin sayəsində düşmənin 30 il ərzində möhkəmləndirdiyi istehkamlar darmadağın edildi, məğlubedilməz erməni ordusu haqqındakı mif puça çıxarıldı. Çətin keçilən dağlıq ərazilərdə və əlverişsiz hava şəraitində döyüşən əsgərlərimiz misilsiz əzm və qəhrəmanlıq nümayiş etdirərək daim irəli getdi, bir dəfə də olsun geriyə çəkilmə halına yol vermədi. Prezident İlham Əliyev hərb tarixində nadir hadisələrdən olan bu faktın əhəmiyyətini xüsusi vurğulayıb. O, Cəbrayıl və Zəngilana 2021-ci il aprelin 26-dakı səfəri zamanı deyib: “44 günlük müharibə dövründə bir gün belə geriyə addım atmamışıq. 44 gün ərzində hər bir gün Zəfər günü idi”.

          Ə.Əhmədov bildirib ki, möhtəşəm qələbə ilə başa çatan Vətən müharibəsi ölkə başçısı, xalq və ordu birliyinə ən yaxşı nümunədir. Müharibənin gedişi ilə bağlı Prezident İlham Əliyevin atdığı hər bir addım, verdiyi hər bir qərar xalq tərəfindən bəyənilir və dəstəklənirdi, ölkə vətəndaşları daim onun yanında olduqlarını bəyan edirdilər. Analar şəhid oğulları ilə fəxr etdiklərini bildirir, “Vətən sağ olsun!” deyimi onların dilindən düşmürdü. Ordumuzun güclü maddi təminatına və heç nəyə ehtiyacı olmamasına baxmayaraq, əhali əsgərlərimizə ərzaq məhsulları və geyim şeyləri daşıyırdı.

          44 günlük müharibənin bir özəlliyi də ondadır ki, bu müddət ərzində müharibədən yayınma hallarına təsadüf edilmədi. Əksinə, əli silah tutan hər kəs bu savaşda iştirak etmək istəyirdi. Bizim haqq savaşımız özünün aparılması üsullarına, strategiya və taktikasına görə hərb tarixində yenilik sayılır. Dünyanın bir sıra ölkələrinin hərbi məktəblərində bu müharibənin xüsusiyyətləri, özəllikləri öyrənilir və müdavimlərə tədris edilir.

         Prezident İlham Əliyev Vətən müharibəsinin yalnız ölkəmiz üçün deyil, həm də dünya üçün böyük tarixi əhəmiyyətə malik olduğunu qeyd edərək vurğulayırdı: “İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq”.

           “Dövlətimiz hazırda 30 illik işğalın vurduğu yaraları sağaltmaqla məşğuldur. Bu yaralar isə çox dərindir. Düşmən şəhər və kəndlərimizdə daşı daş üstündə qoymayıb. Lakin inanırıq ki, xalqımızın güclü iradəsi və yenilməz əzmi, ölkə başçısının yeritdiyi müdrik siyasət nəticəsində biz Qarabağı yenidən dirçəldəcəyik, onu əvvəlkindən də gözəl bir diyara çevirəcəyik. İşğaldan azad edilmiş torpaqlarımızda, xüsusən Şuşa şəhərində aparılan quruculuq işləri bizi belə bir qənaətə gətirir.

          Təəssüf hissi ilə qeyd edirik ki, Ermənistan dövləti və onun xaricdəki havadarları 44 günlük müharibədəki ağır məğlubiyyətdən lazımi nəticə çıxarmayıblar. Sərhədlərimizdəki pozuculuq işləri və son vaxtlar tez-tez səslənən qisasçılıq çağırışları belə deməyə əsas verir. Bu niyyətdə olanlara məsləhət görərdik ki, Bakı şəhərində yerləşən Hərbi Qənimətlər Parkını və “Dəmir yumruğ”u heç vaxt unutmasınlar”, – deyə Ə.Əhmədov fikrini yekunlaşdırıb.

16-10-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]