15 sentyabr-Bilik günüdür
Azərbaycanda 15 sentyabr tarixi Bilik günu kimi qeyd olunur. Bu gün 2004- cü ilə qədər sentyabrın 1- nə təsadüf edirdi. Lakin prezident İlham Əliyevin 21 avqust 2004-cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün bilik günü kimi qeyd olunub. Bilik günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə, sevinc və həyacanla gözlənilən, xüsusi qayği və məmnuniyyətlə, təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub, kitablar oxuyub, şeirlər əzbərliyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata məktəb həyatına qədəm qoyacaqlar.
Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir. Bu haqda Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhabələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən "Mənə bir hərf öyrədənin köləsi olaram " demişdi. Xalqımız elmi, biliyi həmişə yüksək qiymətləndirib, öz övladlarının savadlanması üçün əllərindən gələni əsirgəməyib. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Yusif Məmmədəliyev kimi yüzlərlə alim və filosoflar olub ki, onlar dünya elminin inkişafına öz töhfələrini veriblər.
Müəllim əməyinin nəticəsində formalaşan cəmiyyətdə savadli, bilikli, geniş dünya görüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti dahada inkişaf etdirirlər. Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir ki, ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır.
15 sentyabr yeni tədris ilinin başlanğıcıdır. Təəssüflər olsun ki, COVID-19 pandemiyası səbəbindən müəyyən zaman kəsiyində həmişəkindən fərqli olaraq professor-müəllim heyətini və tələbələrimizi universitet auditoriyalarında qarşılamasaq da 29 sentyabr tarixindən yenidən ənənəvi tədris prosesinə geri qayıdacağımıza ümidvarıq. Biz, Azərbaycan Memarlıq və İnşaat Universitetinin kollektivi adından bu il məktəbə başlayan birinciləri, eləcə də bütün şagird və tələbələri,onların valideynlərini, müəllim olaraq ilk dəfə fəaliyyətə başlayan gəncləri bu gözəl bayram münasibətilə təbrik edirik və onlara tədris müəssisələrində öyrədilənlərlə yanaşı, həyatın öyrətdiyi Kamillik elminə də yiyələnmələrini arzulayırıq. Ümid edirik bu gün, sizlər üçün unudulmazlar sırasına öz xoş təəssüratları ilə həkk olunacaq.
Hörmətli müəllimlər, əziz tələbələr yeni tədris ilində sizə uğurlar arzulayırıq!
Bilik gününüz mübarək!