AzMİU-nun müəllimi  beynəlxalq müsabiqədə ilk üçlükdə yer alıb


           Alman-Azərbaycan Xarici Ticarət Palatası Almaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə Bakıda “Start.Up! Germany Pitch Event 2021” müsabiqəsini təşkil edib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimi Ramin Əkbərovun təsis etdiyi  “Drop by Drop” startapı Digital Start.Up! Germany Tour 2021 müsabiqəsində iştirak etmək imkanı uğrunda yarışıb. Onun müəllifi olduğu startap müsabiqənin ən yaxşı startapından biri kimi ilk üçlükdə yer alıb və R.Əkbərov 2021-ci ilin noyabr ayında keçiriləcək tədbirdə öz innovativ biznes ideyalarını alman korporasiyaları və beynəlxalq şirkətlərə təqdim etmək imkanı qazanıb. Eləcə də layihəyə 1 illik AHK-yə (Almaniya – Azərbaycan Xarici Ticarət Palatası) üvlük əldə olunub.

            AHK Azərbaycanın icraçı direktoru, cənab Tobias Bauman və Almaniyanın ölkəmizdəki səfirliyinin missiya üzrə müdir müavini cənab Hayko Şvarç tədbirin rəsmi hissəsini açaraq rəqabət aparan səkkiz startap təmsilçilərini, yüksək vəzifəli münsiflər heyətini, eləcə də, Alman-Azərbaycan biznes cəmiyyətinin üzvlərini salamlayıblar. Cənab Şvarç və Baumanla yanaşı, "Azercell MMC" şirkətinin B2B satış müdiri Rüfət Sadıqov, Sparkassenstiftung Bakının ölkə üzrə nümayəndəsi Eduard Şmit və Rödl & Partner şirkətinin nümayəndəlik rəhbəri Elçin Usub münsiflər heyətini təmsil ediblər. Tədbir qaydalarının təqdimatının ardınca Climasel, Digital Expo Center, Dr. Agro, Drop by Drop, GreenEra, Insure.az, Kekalove Adaptive və TOURP adlı startapçı şirkətlərə öz biznes modelləri və yenilikçi məhsullarını təqdim etmələri üçün üç dəqiqə vaxt verilib. Daha sonra təmsilçilər münsiflər heyətinin startaplarla bağlı suallarını cavablandırıblar.

 

16-10-2021
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]