AzMİU-da “Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESİAC2021” mövzusunda Beynəlxalq elmi-praktik  konfrans  keçiriləcək

          2021-ci il 20-21 oktyabr tarixində Azərbaycan  Memarlıq və İnşaat Universitetində “Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESİAC2021” mövzusunda Beynəlxalq elmi-praktik  konfrans  keçiriləcək.

          Konfrans memarlıq və inşaatda enerji səmərəliliyi, enerjiqoruyucu innovasiyaların idarəetmə sistemləri, “ağıllı” texnologiyalar, eləcə də ekoloji monitorinqin informasiya sistemləri ilə əlaqəli olan geniş mühəndislik sahələrini əhatə edir.

          Konfransda yerli Universitet və təşkilatlarla bərabər, bir sıra xarici ölkələrdən (Türkiyə, ABŞ, Norveç, Danimarka, İspaniya və s.) Universitet və təşkilatların nümayəndələrinin də iştirakı gözlənilir.

          Konfransa təqdim olunmuş materiallardan seçilmiş məqalələr (4–8 səh.) müvafiq araşdırmalardan sonra yerli və beynəlxalq jurnallarda dərc olunacaq.

          Müvafiq qaydalara uyğun olaraq elmi komitə tərəfindən seçilmiş məqalələrin beynəlxalq elmi bazalar olan “Web of science” və “Scopus” kimi bazalarda indeksləşməsi gözlənilir.

          Konfrans materiallarını azmiu.esiac2021@gmail.com.elektron ünvanına göndərmək olar.

 

          Məqalələrin tərtibi qaydaları

  1. Əlyazma A4(210x297mm) formatlı, yuxarı və aşağıdan 25 mm, soldan və sağdan 20 mm boş yer saxlamaqla çap olunur. Əlyazmanın həcmi 4-8 səhifədən çox olmamalıdır.
  2. Hər bir məqalədə UOT indekslər  və ya PACS tipli kodlar göstərilməlidir.
  3. Məqalə üç dildə - azərbaycan, rus və ingilis dillərində çap oluna bilər. Məqalədə xülasə 3 dildə və 100-150 sözdən ibarət olmalıdır. Müxtəlif dillərdə olan xülasələrin mətnləri eyni və məqalənin məzmununa uyğun olmalıdır. Açar sözlər üç dildə - azərbaycan, rus və ingilis dillərində verilməlidir (5 sözdən az olmamaqla).
  4. Məqalənin mətni azərbaycan dilində - latın, rus dilində - kiril, ingilis dilində - ingilis əlifbası ilə Times New Roman versiyasında 12 şrift ilə, bir intervalla yığılmalıdır.
  5. Tənliklər və düsturlar mətndən bir boş sətirlə ayrılmalıdır.
  6. Düsturları, ardıcıl olaraq, sətrin sağ tərəfində dairəvi mötərizələrdə yerləşdirilmiş ərəb rəqəmləri ilə nömrələmək lazımdır.
  7. Simvolların və ədədi əmsalların izahı bilavasitə düsturun altında, onların düsturda rast gəlindiyi ardıcıllıqla verilməlidir.
  8. Məqalənin nəticələrində, elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və alınan əsas nəticələr aydın şəkildə verilməlidir.
  9. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı istinad olunan ədəbiyyatların mətndə rast gə­­­lin­diyi ardıcıllıqla verilməlidir. Onlara istinad [1, s.119] kimi işarə olunmalıdır. Ədə­­biy­yat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və s. istinadlara üstünlük veril­­­mə­lidir.
  10. Məqalədə müəllif(lər)in işlədiyi müəssisə və onun ünvanı, müəllifin elektron poçt ünvanı göstə­ril­məlidir.
  11. Səhifələr vərəqin sağ tərəfdəki aşağı küncündə karandaşla nömrələnməlidir.
  12. Əlyazmada aşağıdakı ardıcıllıq gözlənməlidir:
  • UOT indeks (qalın, 11 ölçü, böyük hərflərlə, məqalənin yuxarısında, sol hissədə abzas­dan ya­zıl­­malı);
  • məqalənin adı (qalın, 12 olçü, böyük hərflərlə yazılmalı, UOT indeksilə məqalənin adı arasında iki interval buraxılmalıdır);
  • müəllif(lər)in soyadı, adı, atasının adı (qalın, 12 olçü, kiçik hərflərlə yazılmalı, məqalənin adı ilə mü­əl­lif(lər)in soyadı arasında bir interval buraxmalıdır);
  • təşkilatın adı, ünvanı, e-mail (12 olçü, kursiv, kiçik hərflərlə yazılmalı, müəllif(lər)in soyadı ilə təşkilatın adı, ünvanı, e-mail arasında bir interval buraxılmalıdır);
  • Xülasə
  • Açar sözlər
  • Giriş
  • Məsələnin qoyuluşu
  • Alınmış nəticələrin analizi
  • Nəticə
  • İstifadə olunmuş ədəbiyyat

          Məqalələr 05 oktyabr 2021-ci ilə qədər azmiu.esiac2021@gmail.com elektron ünvanına göndərilə bilər.

 

 

16-10-2021